Polşanın Ukraynadakı keçmiş səfiri Bartosz Çiçotski Ukrayna prezidenti Vladimir Zelenskinin ona təqdim etdiyi dövlət mükafatını geri qaytarıb.
Reyting.az xəbər verir ki, buna səbəb Ukrayna liderinin Xüsusi Əməliyyat Qüvvələrinin “Şimal” Xüsusi Əməliyyatlar Mərkəzinə “UPA Qəhrəmanları” fəxri adını vermək qərarıdır.
Çiçotski bazar ertəsi günü Rusiyanın 2022-ci ildə işğalından qısa müddət sonra ikitərəfli münasibətlərin möhkəmləndirilməsindəki səylərinə görə ona təqdim edilən 2-ci dərəcəli Ləyaqət Ordenini geri qaytardığını açıqlayıb.
Mediaya göndərdiyi açıqlamada o, Ukrayna Prezidentinin “UPA-nı və alman nasistlərinin əməkdaşlarını tərifləyən” qərarları nəzərə alınmaqla, əvvəllər ona verilən mükafatı geri qaytardığını bildirib.
Eyni zamanda, keçmiş səfir Rusiya təcavüzünə, tarixi yalanlara və korrupsiyaya qarşı mübarizə aparan hər hansı bir ukraynalının onun dəstəyinə arxalana biləcəyini vurğulayıb.
Daha əvvəl Polşadakı Milli Xatirə İnstitutunun (IPN) prezidenti Karol Navrotski UPA ilə bağlı qərara görə Zelenskinin Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsi prosesini başladacağını bildirib. O, həmçinin Ukraynanın “Avropa ailəsinin bir hissəsi” olmağa hazır olmadığını deyib.
Polşa Xarici İşlər Nazirliyi də müvafiq bəyanat yayıb. Nazirlik Ukrayna hərbi hissəsinə “UPA Qəhrəmanları” adının verilməsi qərarına “birmənalı şəkildə mənfi” yanaşdığını vurğulayıb.
Eyni zamanda, Polşanın Baş naziri Donald Tusk hər iki tərəfi təmkinli olmağa çağırıb: “Keçmişlə bağlı mübahisə etsək, gələcək başqasına məxsus olacaq”.
E. Kamal