Advert
Advert

Şəhid ailələri dövlət başçısına müraciət ünvanlayıblar

Tarix:
 Şəhid ailələri dövlət başçısına müraciət ünvanlayıblar
Reklam

Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Reyting.az xəbər verir ki, müraciətdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovun səhhətində yaranmış problemlərdən bəhs olunur.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Hacı Tahir Abbasov hər zaman dövlətimizin və xalqımızın yanında olub, uzun illərdir Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına, dövlətçilik ideyalarının təbliğinə, cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. O, fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan dövlətinə sədaqəti, xalqına bağlılığı və yüksək vətənpərvərliyi ilə seçilib.

Vətən müharibəsi, eləcə də ondan əvvəlki və sonrakı dövrlərdə Hacı Tahir Abbasov şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olub, onlara mənəvi dəstək göstərilməsi istiqamətində mühüm işlər görüb. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, vətənpərvərlik ruhunun təbliği və milli birliyin möhkəmləndirilməsi sahəsində onun xidmətləri hər zaman yüksək qiymətləndirilib.

Hacı Tahir Abbasov daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətini dəstəkləyib, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərin fəal təbliğatçılarından biri olub. O, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar və sosial təşəbbüslərinə böyük rəğbətlə yanaşaraq bu fəaliyyətləri yüksək qiymətləndirib”.

Müraciətdə qeyd olunur ki, hazırda Hacı Tahir Abbasov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə alır və göz əməliyyatı keçirib. Təəssüflə bildirilir ki, o, görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşib:

“Din xadiminin belə bir təhlükə ilə üzləşməsi bizi dərindən narahat edir. Ömrünü insanlara, dövlətə və milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etmiş bir din xadiminin belə ağır vəziyyətlə qarşılaşması şəhid ailələri tərəfindən böyük üzüntü ilə qarşılanır.

Hörmətli cənab Prezident!

Sizin daim insan amilini ön planda tutan siyasətinizə, şəhid ailələrinə, qazilərə və dövlətimizə sədaqətlə xidmət edən insanlara göstərdiyiniz diqqət və qayğıya arxalanaraq, Hacı Tahir Abbasovun müalicəsi və sağlamlığının bərpası ilə bağlı məsələyə diqqət yetirməyinizi Sizdən xahiş edirik.

Uca Allahdan Hacı Tahir Abbasova şəfa diləyir, onun tezliklə sağlamlığına qovuşaraq yenidən xalqımıza və dövlətimizə xidmət etməsini arzulayırıq”.

Qeyd edək ki, dövlət başçısına ünvanlanan müraciəti Gəncə şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində yaşayan şəhid ailələrinin üzvləri də imzalayıblar.

V. Quliyev
 

Reklam