Advert
Advert

Şəhid ailələrinin üzvləri Azərbaycan Prezidentinə müraciət ediblər

Tarix:
Şəhid ailələrinin üzvləri Azərbaycan Prezidentinə müraciət ediblər
Reklam

Gəncə şəhərində və ətraf bölgələrdə yaşayan şəhid ailələrinin üzvləri, qazilər və inanclı insanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

Reyting.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Əsrlər boyu Azərbaycan dindarlarının yaddaşında dərin iz qoyan Məhərrəm ayının Aşura günü - Peyğəmbərimiz Məhəmmədin (s.ə.s.) əziz nəvəsi İmam Hüseynin (ə) ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə məruz qalaraq şəhid olması dünya tarixində haqq uğrunda mübarizə və dəyanət nümunəsi kimi qiymətləndirilir. Bununla bağlı tədbirlər hər il ölkəmizdə də təşkil olunur. Bu il Məhərrəm ayının 1-i iyunun 16-na, Aşura günü isə iyunun 25-nə təsadüf edir.

Hər il bu müqəddəs günlər Gəncə şəhərində yerləşən “İmamzadə” ziyarətgahında minlərlə inanclı insanın iştirakı ilə qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovun rəhbərliyi ilə təşkil edilən mərasimlərdə gənclərə Vətən sevgisi və milli-mənəvi dəyərlərə sədaqət aşılanır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq keçirilən mərasimlərdə Kərbəla şəhidləri ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olunur, onların ruhlarına dualar oxunur, qazilərimizə şəfa dilənir.

Hacı Tahir Abbasov hər il Gəncə və ətraf bölgələrin inanclı insanları üçün bu məclisləri yüksək səviyyədə təşkil edir. O, Kərbəla şəhidləri ilə yanaşı, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızı da ehtiramla yad edir, gənclərimizə vətənpərvərlik və dövlətçilik ruhu aşılayır, xalqımızın rifahı, dövlətimizin qüdrəti, Ulu Öndər Heydər Əliyevin ruhuna rəhmət və Müzəffər Ali Baş Komandana uğurlar diləyərək dualar edir.

Təəssüf ki, bu il Hacı Tahir həmin məclislərdə iştirak etməyə bilər. Hazırda o, xəstəxanada müalicə olunur və görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzədir. Bu isə bizi ciddi şəkildə narahat edir. Çünki onun bu tədbirlərə nəzarət edə bilməməsi məclislərin təşkilində müəyyən nöqsanlara səbəb ola bilər.

Möhtərəm cənab Prezident, artıq neçə illərdir ki, Hacı Tahir Abbasov on minlərlə insanın iştirak etdiyi məclislərdə şəxsinizə də dualar edir və bu, iştirakçılar tərəfindən rəğbətlə qarşılanır. Belə bir şəxs hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə olunur. Sizdən xahiş edirik ki, Hacı Tahir Abbasovun sağlamlıq durumunu şəxsi nəzarətinizə götürəsiniz və onun tezliklə şəfa taparaq müqəddəs məclislərə rəhbərlik etməsinə köməklik göstərəsiniz.

Sizə böyük hörmət və ehtiramla,

Şəhid ailələrinin üzvləri, qazilər və inanclı insanlar”.

V. Quliyev

Reklam