Advert
Advert

Səməd Ağaoğlu yaradıcılığına həsr olunmuş monoqrafiya işıq üzü görüb

Tarix:
Səməd Ağaoğlu yaradıcılığına həsr olunmuş monoqrafiya işıq üzü görüb
Reklam

“İmza” nəşriyyatında gənc ədəbiyyat araşdırıcısı Ulduz Uralayın “Səməd Ağaoğlunun hekayələrində avtobioqrafizm və özgələşmə” adlı kitabı nəşr olunub.

Reyting.az xəbər verir ki, Azərbaycan ədəbiyyatşünaslığında Səməd Ağaoğluna həsr olunmuş ilk monoqrafik araşdırma olan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, rəyçiləri isə Bakı Dövlət Universitetinin dosenti Samirə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəki və tənqidçi-publisist Fidan Vahiddir.

XX əsr Azərbaycan mühacirət ədəbiyyatının və Türkiyə nəsrinin görkəmli nümayəndələrindən, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlunun bədii və ictimai-siyasi fəaliyyəti son illərdə tədqiqatçıların diqqət mərkəzində olsa da, onun hekayələrinin avtobioqrafizm və özgələşmə kontekstində ayrıca monoqrafik səviyyədə araşdırılması bu istiqamətdə mühüm hadisə kimi dəyərləndirilə bilər. Nəşr eyni zamanda Azərbaycan mühacirət ədəbiyyatının daha dərindən öyrənilməsi və yeni araşdırmaların təşviqi baxımından əhəmiyyət daşıyır.

Kitaba yazdığı “Səməd Ağaoğlunun hekayələrində özgələşmə problemi və ekzistensial böhran” adlı ön sözdə filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli qeyd edir:

“Səməd Ağaoğlunun hekayə yaradıcılığı türk ədəbiyyatında fərdin daxili dramını və mənəvi böhranlarını ən dərin şəkildə əks etdirən nadir nümunələrdəndir. Yazıçının böyük ustalıqla işlədiyi özgələşmə problemi yalnız dövrün sosial və siyasi şərtlərindən qaynaqlanan keçici narahatlıq deyil. Bu özgələşmə insanın mövcudluq şərtləri, onun daxili mənliyi ilə xarici dünya arasındakı əzəli uçurumla bağlı ekzistensial böhranın ifadəsidir”.

Monoqrafiyada Səməd Ağaoğlunun zəngin bədii irsi müasir ədəbi-tənqidi metodlar əsasında araşdırılır, hekayələrindəki avtobioqrafik elementlərin mahiyyəti, fərdi yaddaşın bədii təcəssümü və özgələşmə probleminin müxtəlif təzahürləri təhlil edilir. Müəllif yazıçının əsərlərini estetik aspektlə yanaşı, mühacirət psixologiyası, kimlik axtarışları və fərdin cəmiyyətlə münasibətləri kontekstində də dəyərləndirir.

Araşdırmada Səməd Ağaoğlunun həyat yolu ilə yaradıcılığı arasındakı əlaqələr sistemli şəkildə izlənilir, onun əsərlərində tarixi yaddaşın, şəxsi taleyin, mühacirət ağrılarının və mənəvi təcridin bədii ifadə formaları üzə çıxarılır. Xüsusilə yazıçının qəhrəmanlarının daxili dünyasında müşahidə olunan özgələşmə duyğusunun sosial, psixoloji və fəlsəfi aspektləri elmi-nəzəri müstəvidə şərh edilir.

V. Quliyev 
 

Reklam