Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Xalq artisti Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu ətrafında yaranan müzakirələrdən danışıb.
Reyting.az-ın məlumatlına görə, Ə.Mahmudov Pravda.az-a açıqlamasında Xalq artisti Şəfiqə Məmmədovanın sədr postuna ən çox layiq olduğunu deyib.
O, son günlər sədr postuna namizəd olduğu deyilən rejissor Əli İsa Cabbarov barədə sərt fikirlər səsləndirib: “Bilmirəm, Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb. Şəfiqə Məmmədova isə onsuz da birinci katibdir. Əslində, İdarə Heyətinin sədrliyə namizədlik vermək ixtiyarı yoxdur. Çünki qurultayda əvvəlcə hesabat dinlənilir, qiymət verilir, fərdi çıxışlar olur. Bundan sonra hamı buraxılır, eyni səlahiyyətlə tam bərabərhüquqlu şəkildə namizədlikləri irəli sürülür. Buna ixtiyarları var. Sən vəzifədə ola-ola öz namizədliyini necə verə bilərsən? Gülməli görünmür? Bunlar isə oyun oynayırlar. Allah Rasim Balayevə rəhmət eləsin. Son vaxtlar onun xəstəliyindən sui-istifadə etdilər. Əli İsa Cabbarov "peçatı" da əlinə keçirib... Kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub. Axı İttifaqın Nizamnaməsi var. Kimlər İttifaqın üzvü ola bilər, hamısı Nizamnamədə yazılıb. Mən İttifaqın üzvü olanda on beş filmə çəkilmişdim, dörd filmdə isə ikinci rejissor işləyirdim. "Dəli Kür", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi... Dünən universitet bitirib, haradansa özəl studiyalarda işləyənləri Əli İsa Cabbarov İttifaqa doldurub. Özü üçün sosial baza yaradıb, indi də namizədliyini irəli sürür. Əli İsa, əvvəla, sənin sədr olmağa heç bir mənəvi və hüquqi haqqın yoxdur. Sən kino xadimi deyilsən, həvəskar, xırda sənədli film çəkən rejissorsan. Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev, mən və digərləri kənara çəkilmişik. Çünki Əli İsa Cabbarov İttifaqda özfəaliyyət bazarı açıb. Özü də istəyir ki, "bazarkom" olsun. Sən necə Şeyx Əbdül Mahmudov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov kimi adamların rəhbəri ola bilərsən? Bu bazarda nə oyun oynayırsan? Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə keçirilən toplantıda bu məsələdən də danışılacaq. Ayıbdır, yaxşı deyil. Bu gün Azərbaycan kinosunun vəziyyəti çox pis və acınacaqlı vəziyyətdədir. Kinonu bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün ilk növbədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri nüfuzlu, cənab Prezident, dövlət məmurları və ictimaiyyət tərəfindən tanınan, etimad göstərilən, sevilən şəxsiyyət olmalıdır. Belə bir şəxsiyyət praktikada artıq özünü sübut etmiş, möhtərəm Prezidentimizin yanında fikir bildirə biləcək adam Şəfiqə Məmmədovadır. Ağbirçək, təcrübəli xanımdır. Kinostudiyamızı ağır vəziyyətdən çıxara bilər. İttifaqdan küsüb gedənləri qaytara biləcək yeganə şəxsiyyət Şəfiqə Məmmədovadır. İstəsək də, istəməsək də...”.
Əbdül Mahmudov bir neçə il öncə Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsi barədə dediyi sözlərə isə belə aydınlıq gətirib: “Bu, məni yandırıb tökür. Azərbaycan kino camiyəsini iki yerə bölmüşdülər. Ölkədə iki ittifaq var idi. Heç bir hüquqi əsasları yox idi. Mən istəyirdim ki, bir araya gəlsinlər, vahid ittifaq olsun. Bunun davasını aparmışam. Demişəm ki, qeyri-qanunidir. Bir ölkədə iki kino ittifaqı ola bilər? İkisi də dövlət büdcəsindən maliyyələşirdi. Mübarizəmdə qalib çıxdım. Allaha şükür, mərhum Rasim Balayev və Şəfiqə xanım başa düşdülər, bir araya gəldilər. Bundan sonra rəsmi Azərbaycan Kinematoqrafçılar İttifaqı yarandı, Balayev sədr seçildi. Qərəzli jurnalistlər fikirlərimi təhrif etmişdilər. Bu mənim günahım deyil. Mədəniyyət naziri də, ARKA da çox böyük işlər görür, dəstək verir. Qalır İttifaq... İttifaqı da istədiyimiz səviyyədə yoluna qoysaq, kinostudiyamızı ayağa qaldıra bilərik”.