“ABŞ-İran qarşıdurması artıq öz pik nöqtəsini geridə qoyub və prosesin tədricən səngidiyini müşahidə edirik. Bundan sonra İran və ABŞ arasında ciddi hərbi toqquşmaların baş verməsi ehtimalı yüksək deyil. Əlbəttə, müəyyən lokal insidentlər baş verə bilər və bunları məhdud qarşıdurma kimi qiymətləndirmək mümkündür. Lakin prinsip etibarilə bir çox məsələlər üzrə ABŞ və İran arasında müəyyən razılaşmalar mövcuddur”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, tərəflər arasında iki mühüm məsələ qalmaqdadır. Bunlardan biri nüvə proqramı və zənginləşdirilmiş uranın taleyi, digəri isə Hörmüz boğazının statusu ilə bağlıdır.
S. Cəlaloğlu hesab edir ki, İran artıq əvvəlki İran deyil:
“İranın da müəyyən itkiləri oldu. Ölkə rəhbərliyi əvvəlki gücə, potensiala və siyasi xarakterə malik deyil. Bir sözlə, genişmiqyaslı müharibə gözlənilmir. Hazırda ABŞ-ın diqqəti daha çox Tayvan və Cənubi Amerika ölkələrinə, xüsusilə də Kubaya yönəlib. Buna görə də Vaşinqton İranla bağlı əsas hədəflərini həyata keçirmiş hesab olunur. Bundan sonra İranla yeni qarşıdurmalara getmək ABŞ üçün sərfəli görünmür.
Digər tərəfdən, ABŞ Konqresi də bu məsələlərə müdaxilə etmək səlahiyyətinə malikdir. Yəni Konqresin razılığı olmadan Donald Trampın İranla müharibəyə başlaması mümkün deyil. Həm Konqresdə, həm də hökumətdə İranla müharibənin əleyhinə olan qüvvələr kifayət qədər güclüdür. Hesab edirəm ki, ABŞ İran siyasətində müəyyən məqsədlərinə nail olub. Hətta vəziyyət o həddə çatıb ki, Tramp İranın İbrahim sazişlərinə qoşula biləcəyini dilə gətirir. Buna görə də ciddi toqquşmalar gözlənilmir”.
ADP sədri bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində də müəyyən səylər göstərilir və tərəflərin mövqeləri dəqiqləşdirilir.
Cəlaloğlunun fikrincə, dünyada kəskin qarşıdurmalar dövrü tədricən sona yaxınlaşır və beynəlxalq siyasət yeni mərhələyə qədəm qoyur:
“Çünki kəskin qarşıdurmalar artıq həm ABŞ-ın, həm də Rusiyanın maraqlarına zərbə vurmağa başlayıb”.
Nemət Orucov
Reyting.az