Səudiyyə Ərəbistanı Krallığında kosmosun öyrənilməsi üçün unikal mərkəz tikiləcəyi barədə məlumat və fotolar təqdim olunub.
Reyting.az xəbər verir ki, İngiltərənin məşhur "Heatherwick Studio" memarlıq bürosu Səudiyyə Ərəbistanında inşa ediləcək "AlUla Manara" adlanan ulduz müşahidəsi və elmi-tədqiqatlar mərkəzinin yeni layihəsini təqdim edib. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən və Əl-Ula bölgəsinin ən böyük səhralıq ərazisi sayılan Həqra yaxınlığında yerləşəcək bu kompleks turist ziyrəti, eyni zamanda astronomlar üçün nəzərdə tutulub.
Mütəxəssislər bildiriblər ki, səhralıqdakı işıq çirklənməsinin minimum səviyyəyə olduğu ərazidə tikilməsi planlaşdırılan yeni mərkəz bir neçə boruşəkilli hissələrdən qurulacaq.
Ekspertlər qeyd ediblər ki, yeni kosmik tədqiqatlar mərkəzinin memarlığı tamamilə yerli coğrafiyaya uyğun, eləcə də regionun qumdaşı dağları fonunda sonsuz və əsrarəngiz kainatın quruluşundan ilham almaqla, inşa ediləcək.
Bildirilib ki, yeni inşa ediləcək kompleksdə planetarium və restoran, həmçinin damda müşahidə meydançası, müasir teleskoplar, tədqiqatçılar, eyni zamanda qonaqlar üçün yaşayış yerləri, o cümlədən də astroturizm infrastrukturu yaradılacaq. Mütəxəssislərin fikrincə, yeni layihə Səudiyyə Ərəbistanına olan marağı daha da artırmaqla, bölgənin astronomiya və kosmos turizmi mərkəzinə çevrilməsinə xidmət edəcək.
Oqtay Qorçu