Qazaxıstanın Aktöbe vilayətindəki Temir şəhərinin sakinləri ölkə vətəndaşlarının təəccübünə səbəb olan bir müraciətə imza atıblar. Temir sakinləri yaşayış məntəqəsinə kənd statusu verilməsini istəyirlər.
Reyting.az-ın Qazaxıstan mətbuatına istinadla verdiyi məlumata görə, belə bir gözlənilməz, həm də təəccüblə qarşılanan təklifin izahını verən şəhərlilər bildiriblər ki, Temirin şəhər statusu burada yaşayanların dövlət proqramlarında iştirakına, həmçinin gənc mütəxəssisləri bu şəhərə cəlb etməyə mane olur.
Tarixi qədim olan və 1870-ci ildə yaradılmış Temir vaxtilə şəhər statusu daşıyan böyük qəsəbə kimi iri ticarət mərkəzinə çevrilib. Hazırda bu şəhərdə XIX-XX əsrlərə aid məscid, kilsə və digər qədim binalar tarixi abidələr kimi bu gün də qorunub saxlanılır.
Yerli sakinlər bildiriblər ki, bütün ölkə boyu işə salınan və müxtəlif bölgələrə aid edilən "Diplomla kəndə" kimi böyük, o cümlədən də əhəmiyyətli proqramlar bu şəhərə şamil edilmir. Məhz elə bu səbəbdən gənc mütəxəssislər, xüsusilə də müəllimlər və həkimlər Temir şəhərində işləməyə çox maraq göstərmirlər.
Temirin rəhbərliyi təsdiqləyib ki, həqiqətən sakinlər kütləvi şəkildə Temir şəhərinə kənd statusu istəyirlər. Onun sözlərinə görə, Temir şəhərinin statusu hələ müzakirə olunmasa da, o, rəhbər kimi qəbul ediləcək istənilən qərara hörmətlə yanaşacaq.
Qazaxıstan Milli İqtisadiyyat Nazirliyindən isə bildiriblər ki, şəhərin status dəyişikliyi yerli icmanın razılığı əsasında mümkündür.
Bir zamanlar əhalisi 500 nəfərdən çox olan Temir şəhərində hazırda 2 mindən bir qədər çox sakin yaşayır.
Oqtay Qorçu