Moldova Prezidenti Maya Sandu bildirib ki, Ukraynadakı müharibə ölkəsinin yüksək texnologiyalı tutucu dronlara təcili ehtiyacını ortaya qoyub və bu sahədə istehsalın təşkili üçün yeni qanunvericilik bazasının yaradılması vacibdir.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
2030-cu ilədək Avropa Birliyinə üzv olmağı hədəfləyən Moldova artıq dəfələrlə Rusiya dronlarının ölkə ərazisi üzərindən uçması və ya onların qalıqlarının sərhədyanı ərazilərə düşməsi halları ilə üzləşib.
Sandu yerli bloqçu ilə yayımlanan podkastda bildirib ki, konstitusiyaya əsasən neytral dövlət statusuna malik olan Moldovanın müdafiə sənayesini inkişaf etdirməsinə imkan verən qanunvericilik dəyişikliklərinə ehtiyac var.
“Ölkəmizin tamamilə müdafiəsiz qalmasını istəyənlər anlamalıdırlar ki, dronların ərazimizə düşməsi riski mövcuddur və bu halda biz heç nə edə bilməyəcəyik. Son hadisələr fonunda hökumətdən qanunvericiliyə müvafiq dəyişikliklərin hazırlanmasına və ya tətbiqinə başlamağı xahiş etmişəm”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, yeni qanunvericilik dövlət-özəl tərəfdaşlığı çərçivəsində müdafiə texnologiyalarının hazırlanmasına imkan verəcək, eyni zamanda xarici investorların cəlb olunması üçün hüquqi mexanizmləri də əhatə edəcək.
Sandu qeyd edib ki, Moldova artıq Rusiya dronlarına qarşı mübarizədə geniş təcrübə qazanmış Ukrayna ilə dron texnologiyalarının inkişafı sahəsində məsləhətləşmələrə başlayıb.
“Tutucu dronlar sahəsində ukraynalılar ən qabaqcıl təcrübəyə malikdirlər. Biz də imkanlarımız daxilində bu texnologiyaları tətbiq etməyə çalışacağıq. Lakin bunun üçün ilk növbədə peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırmalıyıq”, - deyə Moldova Prezidenti vurğulayıb.
Qeyd edək ki, son illərdə Rusiya dronlarının Moldova hava məkanını pozması və ya onların qalıqlarının yaşayış məntəqələrinin yaxınlığına düşməsi ilə bağlı 20-dən çox hadisə qeydə alınıb.
E. Kamal