Sualtı nüvə reaktoru komponentlərini daşıdığı iddia olunan Rusiya gəmisi İspaniya sahillərindən təxminən 60 mil məsafədə bir sıra partlayışlardan sonra batıb.
Reyting.az bildirir ki, 23 dekabr 2024-cü ildə baş verən hadisə beynəlxalq araşdırmanın mövzusu olaraq qalır.
CNN-nin araşdırmasına görə, “Ursa Major” yük gəmisinin qeyri-adi qəzasının sirr hələ də açılmayıb. Lakin CNN bunun Qərb hərbçilərinin Rusiyanın qabaqcıl nüvə texnologiyasını əsas müttəfiqi Şimali Koreyaya ötürməsinin qarşısını almağa yönəlmiş nadir və təhlükəli müdaxiləsi ola biləcəyini iddia edirlər.
İspaniyalı müstəntiqlərin fikrincə, “Ursa Major” (həmçinin “Sparta-3” kimi də tanınır-red.) gəmisinin sağ tərəfində, ehtimal ki, mühərrik otağının yaxınlığında üç partlayış baş verdikdən sonra həyəcan siqnalı göndərib. İki heyət üzvü həlak olub, 14 nəfər isə təxliyə edilib.
Gəmi daha sonra çevrilərək batıb. Hadisə zamanı bölgədə seysmik siqnallar da aşkar edilib ki, bu da sualtı partlayışlar və ya xüsusi sursatların istifadəsi nəzəriyyələrini dəstəkləyir.
Gəmi sahibinin materiallarına görə, gövdədə 50x50 sm ölçüsündə, zədələnmiş metalın içəriyə baxdığı bir dəlik aşkar edilib.
İstintaqın ən mübahisəli hissəsi gəminin yükü ilə bağlıdır. İspaniya hakimiyyəti bildirib ki, gəmi kapitanı müstəntiqlərin təzyiqi altında göyərtədə “sualtı qayıqlarda istifadə edilənlərə bənzər iki nüvə reaktoru komponentləri” ola biləcəyini etiraf edib.
İspaniya hökuməti tərəfindən istinad edilən kapitanın ifadəsinə görə, onlarda nüvə yanacağı olmayıb.
Müstəntiqlərin fikrincə, son təyinat yeri Şimali Koreyanın Rason limanı ola bilər ki, bu da nüvə texnologiyasının Pxenyana mümkün ötürülməsi ilə bağlı fərziyyələri gücləndirir.
İstintaq həmçinin xarici təsir ehtimalını araşdırır. Bir fərziyyə gövdənin xüsusi torpedo tərəfindən zədələnməsidir, baxmayaraq ki, digər ekspertlər dəniz minasının istifadə ehtimalını səsləndirirlər.
“Bu, gövdənin yaxınlığında yerləşdirilmiş formalı partlayıcıya bənzəyir”.
Hadisədən sonra nüvə izlərini aşkar etmək üçün hazırlanmış Amerika təyyarələri ərazi üzərində dəfələrlə uçub və vəziyyəti daha da qarışdırıb.
Qeyd edək ki, gəmi dövlət sektoru ilə əlaqələri olan bir Rusiya şirkətinə məxsus olub. Onun marşrutu Baltik bölgəsindən Rusiyanın Uzaq Şərqinə qədər uzansa da, sonda Aralıq dənizində faciə ilə başa çatıb.
V. Quliyev