Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən bir qrup şəxsin məhkəməsi başlayır.
Reyting.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Zaur Gülməmmədov, Vüsal Sadıqov, Samir Qəhmənbəyli, Elşən Əhmədov, Elçin Əsgərov, Amid Saidov, Emin Nəzərov və Şahin Heydərovla bağlı cinayət işi üzrə istintaq yekunlaşıb.
İş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Anar Rzayevin icraatına verilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.(APA)