Sudanın mərkəzində yerləşən əl-Obeid şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum nəticəsində 23 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Reyting.az xəbər verir ki, yerli hüquq müdafiə qrupu “Emergency Lawyers” hücuma görə məsuliyyəti öz üzərinə götürməyən Sürətli Dəstək Qüvvələrini (RSF) ittiham edib. İddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hücumlar yaşayış məntəqələrini, dəfn mərasimini, ərzaq daşıyan yük maşınını və ordu mövqelərinə yaxın əraziləri hədəf alıb.
Hadisə Şimali Kordofan əyalətindəki Əbu Zəymə şəhərinin bazarına edilən və azı 11 nəfərin ölümünə səbəb olan PUA hücumundan bir həftə keçməmiş baş verib. Həmin hücuma görə də heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.
BMT-nin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Sudanda pilotsuz təyyarə hücumları nəticəsində ən azı 880 mülki şəxs həyatını itirib.
V. Quliyev