Advert
Advert

Sülhlə bağlı vədləri yerinə yetirməyin vaxtı çatıb

Tarix:
Sülhlə bağlı vədləri yerinə yetirməyin vaxtı çatıb
Reklam

Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumaq məqsədilə Ermənistanda özünə yaxın siyasi qüvvələrin fəallaşmasına çalışır. Bu kontekstdə Rusiyaya yaxın mövqeyi ilə tanınan Robert Koçaryan kimi fiqurların yenidən ön plana çıxarılması Kremlin regional siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistanın Qərblə münasibətləri dərinləşdikcə, Rusiyanın ölkə daxilindəki təsir rıçaqlarını gücləndirməyə cəhd göstərəcəyi ehtimal olunur. Bununla belə, prosesin nəticəsi ilk növbədə Ermənistan cəmiyyətinin və siyasi elitasının seçimlərindən asılı olacaq.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Ermənistanı yenidən öz nəzarəti altına almaq üçün Qarabağda hərbi cinayətlər törətmiş şəxslərdən istifadə edir.

Onun sözlərinə görə, əgər Ermənistan bu şəxslərin təsirindən qurtulmaq istəyirsə, axtarışda olan həmin şəxsləri Azərbaycana təhvil verməli və onların törətdikləri əməllərə görə məhkəmə qarşısında cavab vermələrinə şərait yaratmalıdır.

Asim Mollazadə

Deputat qeyd edib ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri artıq ortadadır:

“Paşinyan və komandası seçkilərə sülh şüarı ilə qatılmışdı. Hesab edirəm ki, indi üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atmalıdırlar”.

Asim Mollazadə xatırladıb ki, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra Baş nazir Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkiləri keçirib və müharibədəki məğlubiyyətə baxmayaraq, seçkilərdə qələbə qazanıb.

“Bu gün də görürük ki, Paşinyan erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin dəstəyini qoruyub saxlayır. Bunun əsas səbəbi odur ki, Ermənistan vətəndaşları yeni müharibə deyil, sabitlik, təhlükəsizlik və əmin-amanlıq istəyirlər. Paşinyan da seçki kampaniyası dövründə sülhlə bağlı mühüm vədlər vermişdi. Hesab edirəm ki, artıq həmin vədləri yerinə yetirməyin vaxtı çatıb. Buna görə də sülh sazişinin imzalanması istiqamətində real addımlar atılmalıdır”, - deyə deputat vurğulayıb.

Nemət Orucov

Reyting.az
 

Reklam