Süni intellekt texnologiyalarının çox sürətli inkişafı və qiymətli mineral daşlar bazarına "yumşaq keçidi" son zamanlar Çində xüsusi laboratoriya şəraitdə yetişdirilmiş sintetik almazlara marağı daha da artırıb.
Reyting.az-ın "Bloomberg" agentliyinə istinadla verdiyi məlumata görə, mütəxəssislər bildiriblər ki, belə almazlar qabaqcıl çiplərin istehsalında istiliyi daha səmərəli yaymaq üçün istifadə edilir və çox güclü yarımkeçiricilərin hazırlanmasına imkan yaradır.
Çinli istehsalçılar deyiblər ki, almazların istilikötürücü kimi effektivliyi təsdiqləndikdən sonra sifarişçilərin maraqlarına uyğun şəkildə kommersiya tədarükünə başlayıblar. Bu səbəbdən "Zhecheng Huifeng Diamond Technology Co." və "SF Diamond Co" şirkətlərinin səhmləri son bir neçə gün ərzində 40-51 faiz arasında bahalaşıb.
Mütəxəssislər hesab edirlər ki, almaz ənənəvi mis və alüminium əsaslı soyutma materiallarını əvəz edə bilər. "SF Diamond" şirkəti isə artıq bu sahədə irəliləyiş edib və xarici müştərilərə ilk nümunələr kimi kiçik həcmli almaz istilikötürücüləri göndərməyə başlayıb, "Henan Liliang Diamond Co." Çin şirkəti isə almaz istehsalının ilk mərhələsini işə salıb.
Çinli ekspertlər qeyd ediblər ki, son zamanlar investorlar süni intellekt sənayesində yeni inkişaf istiqamətləri axtardığından, sintetik almaz sektoru diqqət mərkəzinə çevrilib.
Oqtay Qorçu