Süni intellekt texnologiyalarının su istehlakının 2030-cu ilədək 1,3 milyard insanın əsas məişət ehtiyaclarına bərabər olacağı proqnozlaşdırılır.
Reyting.az bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Elmi Tədqiqatlar Universiteti və Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun hazırladığı hesabatda məlumat verilib.
Hesabatda qeyd olunur ki, 2030-cu ilə qədər süni intellekt texnologiyalarının inkişafı üçün fəaliyyət göstərən məlumat mərkəzlərinin ümumi su istehlakı 1,3 milyard insanın gündəlik məişət tələbatına bərabər səviyyəyə çata bilər.
Tədqiqatçıların fikrincə, süni intellektin ətraf mühitə təsiri əksər hallarda yalnız karbon emissiyaları ilə qiymətləndirilsə də, məlumat mərkəzlərinin soyudulması və enerji ilə təmin olunması böyük həcmdə su resursları tələb edir. Bundan əlavə, bu mərkəzlərin tikintisi və təchizat zənciri geniş ərazilərin istismarına və böyük torpaq sahələrinin istifadəsinə səbəb olur.
BMT-nin hesabatına əsasən, yeni araşdırmalar göstərir ki, 2030-cu ilə qədər süni intellekt məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı təxminən 945 teravat-saata çata bilər.
Müqayisə üçün qeyd edilir ki, bu göstərici Pakistan, Banqladeş və Nigeriyanın illik ümumi enerji istehlakının təxminən üç qatına bərabərdir.
Ekspertlərin hesablamalarına görə, belə bir şəraitdə məlumat mərkəzlərinin tutduğu ərazi 14 500 kvadratkilometri ötə bilər. Bu isə əhalisi 32 milyondan çox olan Cakarta aqlomerasiyasının ərazisindən təxminən iki dəfə böyük sahə deməkdir.
Mütəxəssislər bildirirlər ki, daha təmiz enerji mənbələrinə keçid bütün ekoloji problemlərin həlli anlamına gəlmir. Alimlər xatırladırlar ki, kömürdən bioenerjiyə keçid karbon emissiyalarını azaltsa da, su və torpaq resurslarından istifadənin kəskin artmasına səbəb ola bilər.
Hesabat müəllifləri süni intellektin inkişafı ilə bağlı qərarlar qəbul edilərkən karbon emissiyaları ilə yanaşı, su, torpaq və sosial təsirlərin də nəzərə alınmasını tövsiyə edirlər. Alimlərin qənaətinə görə, qabaqlayıcı tədbirlər görülmədiyi təqdirdə, süni intellekt texnologiyalarının sürətli inkişafı gələcəkdə qlobal su ehtiyatlarına ciddi təzyiq göstərə bilər.
Oqtay Qorçu