Kann Kino Festivalında süni intellektlə film nümayiş etdiriblər. Yeni ekran əsərinin nümayişi birmənalı qarşılanmayıb.
Reyting.az xəbər verir ki, ilk dəfə süni intellekt vasitəsilə iki həftəyə lentə alınmış, 500 min dollar büdcə ilə başa gələn 95 dəqiqəlik filmin nümayişi maraq doğurub.
Məlumata görə, film üç il öncə "Higgsfield" startapının texnoloji dəstəyi ilə hazırlanıb. "Cəhənnəmə uzun yol" adlanan ekran işi tamamilə süni intellekt vasitəsilə ərsəyə gətirilib. İstehsalçıların sözlərinə görə, kino-layihənin 400 min dolları bulud hesablama xidmətlərinə sərf olunub.
Şirkət indiyədək əsasən 22 dəqiqəlik kiçik seriallar istehsal edib.
Yeni ekran əsərinin nüfuzlu kino tədbirində təqdimatı ilə bağlı açıqlama verənlər xüsusilə vurğulayıblar ki, bu filmin Kann Festivalına gətirilməsinin ən əsas səbəbi məhz generativ süni intellektin imkanlarını göstərmək və XXI əsrin müasir kino sənayesi tarixinə onun gəlişini, eləcə də süni intellekt texnologiyası potensialını nümayiş etdirmək məqsədi daşıyır.
Festival iştirakçıları deyiblər ki, artıq kino sənayesində süni intellektə münasibət bir qədər dəyişməyə başlayıb.
Açılış mərasimi zamanı çıxış edən Hollivudun kino ulduzu, aktrisa Demi Mur iştirakçılara səslənib və o, bütün aktyorların texnologiyalarla işləməyi öyrənməsinin vacibliyini vurğulayıb.
Layihənin rejissoru Adilet Abişin sözlərinə görə, ümumiyyətlə, süni intellekt qeyri-adi fürsətdir və yeni hekayələrin danışılmasına böyük imkan yaradır. Bununla belə, o, qeyd edib ki, kompozisiya, işıqlandırma və səhnə quruluşu kimi klassik kino bacarıqları yenə də vacib şərtlər kimi qalmalıdır.
Filmin ilk 25 dəqiqəsi üçün 16 mindən çox 15 saniyəlik video yaradılıb, onlardan yalnız 253-ü yekun montaja daxil edilib. Hər bir mətn sorğusu orta hesabla 3 min sözdən ibarətdir ki, burada işıqlandırma və kamera effekti, digər fizika qanunları kimi detallar da əlavə olunub.
Bəzi kinoşünaslar bu filmi kinoda maraqlı yenilik kimi qəbul etdiklərini desələr də, fərqli fikir yürüdən kino tənqidçilərinin sözlərinə görə, süni intellektin kino sənətinə gəlişi xeyirdən çox, zərər verəcək və təbii çəkiliş proseslərini sıradan çıxaracaq.
Xatırladaq ki, bir müddət əvvəl kinoda süni intellektin istifadə olunması əleyhinə çıxan və bununla bağlı açıqlama verən Hollivud rejissoru, dünya şöhrətli Ceyms Kemeron bildirmişdi ki, o, "Avatar" filmində olduğu kimi gələcəkdə digər ekran əsərlərində də "kinonu yeyən" süni intellektdən istifadə etməyəcək.
Oqtay Qorçu