Suyun tərkibində indiyə qədər elm aləminə məlum olmayan gizli hal mövcuddur.
Reyting.az-ın məlumatına görə, Stokholm Universitetinin elm adamları ilə birgə çalışan Cənubi Koreyanın "PHAROS" laboratoriyası tədqiqatçılarının araşdırmaları nəticəsində məlum olub ki, suyun ən çətin müşahidə edilən halı "LLCP" adlı maye-maye kritik nöqtəsidir.
Alimlərin fikrincə, bu kəşf suyun digər mayelərdən niyə fərqli davrandığını tam aydın şəkildə izah etməyə imkan verir.
Mütəxəssislər bildiriblər ki, eksperimentlər -63°C temperatur, eyni zamanda, təxminən 1000 atmosfer təzyiq altında rentgen lazeri vasitəsilə aparılıb.
Tədqiqatlar zamanı alimlər həm də müəyyən ediblər ki, güclü soyuma zamanı adi su iki fərqli maye fazada - yüksək və aşağı sıxlıqlı formada mövcud ola bilir. Məhz bu səbəbdən də müəyyən şəraitdə fazalar birləşməklə, kritik nöqtə yaradırlar.
Araşdırmalar həmçinin kritik nöqtənin 210 kelvin (-63°C) temperaturda yerləşdiyini sübut edib.
Tədqiqatçılar qrupu yeni texnologiya sayəsində su donmadan əvvəl bu qeyri-adi prosesi müşahidə edə biliblər.
Alimlər qeyd ediblər ki, yeni kəşf suyun fiziki, kimyəvi, o cümlədən də iqlim proseslərində rolunun daha dərindən araşdırılmasına və səbəblərin üzə çıxarılmasına geniş imkanlar yaradacaq.
Oqtay Qorçu