Çinin “Pudu Robotics” şirkəti tərəfdaşları ilə birlikdə Şençjen-Çjonqşan körpüsünün yaxınlığında yerləşən süni adada tam robotlaşdırılmış otel layihəsi həyata keçirir. Otelin ilk qonaqlarını 2027-ci ildə qəbul etməsi, tam avtomatlaşdırma sisteminə isə 2030-cu ildə keçməsi planlaşdırılır.
Reyting.az-ın məlumatına görə, robot sistemlərinin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildən etibarən oteldə müxtəlif xidmətlər robotlar tərəfindən yerinə yetiriləcək, bəzi funksiyalar isə ilkin mərhələdə hələ də əməkdaşların öhdəsində qalacaq.
Layihə otel xidmətlərinin böyük hissəsinin avtomatlaşdırılmasını nəzərdə tutur. Xüsusilə, “FlashBot” sistemi qonaqlara mobil tətbiq vasitəsilə yemək və içki sifariş etməyə imkan verəcək. Sifarişlər daha sonra robotlar tərəfindən avtonom şəkildə otaqlara çatdırılacaq.
Kompleksdə “Pudu Robotics” şirkətinin müxtəlif təyinatlı robotlarından istifadə olunacaq. “PUDU T300” modeli 300 kiloqrama qədər baqaj daşıya biləcək. “CC1 Pro” və “MT1” robotları otelin daxili və ətraf ərazilərinin təmizlənməsini həyata keçirəcək. “BellaBot Pro” qəhvə hazırlayıb təqdim edəcək, “KettyBot Pro” isə restoranlarda qonaqlara xidmət göstərəcək.
Şirkət otel infrastrukturunun mərkəzləşdirilmiş idarə edilməsi üçün süni intellekt əsaslı proqram təminatı və ağıllı agentlər də hazırlayıb. “Pudu Robotics”-in məlumatına görə, bu sistemlər qəbul robotlarına qonaqların nitqini və jestlərini tanımağa, xidmət robotlarına optimal çatdırılma marşrutlarını müstəqil şəkildə müəyyənləşdirməyə, təmizləyici robotlara isə real vaxt rejimində dəyişən şəraitə uyğun fəaliyyət göstərməyə imkan verəcək.
O. Qorçu