ABŞ Çin ordusuna kömək edən şirkətlərin “qara siyahı”sını genişləndirib. Bu, iki ölkə arasında gərginliyi artıra bilər. Siyahıya elektron ticarət nəhəngi “Alibaba”, axtarış sistemi “Baidu” və avtomobil istehsalçıları “BYD” və “Nio” daxildir.
Reyting.az xəbər verir ki, siyahıya biotexnologiya şirkəti “WuXi AppTec”, süni intellektlə işləyən robototexnika şirkəti “RoboSense Technology Co Ltd” və aparıcı Çin humanoid və dördayaqlı robot istehsalçısı “Unitree” də daxil edilib.
“Alibaba” ABŞ-ın “qara siyahı”sına daxil edilməsinin “heç bir əsası olmadığını” bildirib. Şirkət bəyan edir ki, “Alibaba” Çin hərbi şirkəti deyil və heç bir hərbi-mülki birləşmə strategiyasında iştirak etmir:
“Şirkətimizin nüfuzunu təhrif etmək cəhdlərinə qarşı bütün mümkün hüquqi tədbirləri görəcəyik”.
“WuXi AppTec” siyahıya daxil edilməsinin “səhv” olduğunu bildirib və “bu səhv təyinata etiraz etmək və düzəltmək üçün dərhal tədbirlər görəcəyini” elan edib.
“Baidu” da siyahıya daxil edilməsini pisləyib:
“Baidu”-nun hərbi şirkət olması haqda iddia tamamilə əsassızdır. Şirkətin siyahıdan çıxarılmasını təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”.
“BYD”, “CXMT”, “YMTC”, “RoboSense”, “Unitree”, “BOE Technology Group”, “Tianma Microelectronics” və “TP-Link Technologies” şərh verməkdən imtina ediblər.
Pentaqon həmçinin ötən il FTB və Ticarət Departamenti tərəfindən araşdırılan telekommunikasiya avadanlığı istehsalçısı “Baicells” şirkətini də “qara siyahı”ya əlavə edib.
Vaşinqtondakı Çin səfirliyi Pekinin “Çin şirkətlərinə təzyiq göstərməyə yönəlmiş ayrı-seçkilik siyahılarının yaradılmasına” qarşı olduğunu və şirkətlərinin yerli qanun və qaydalara riayət etdiyini bildirib.
Adları “qara siyahı”da olan Çin şirkətlərinə rəsmi olaraq sanksiyalar tətbiq edilməsə də, ABŞ-ın son qanununa əsasən, Müdafiə Nazirliyinin bu ayın sonundan etibarən siyahıya alınmış şirkətlərlə birbaşa müqavilə bağlaması və 2027-ci ildən etibarən onların məhsul və ya xidmətlərini üçüncü tərəflər vasitəsilə alması qadağan ediləcək. Bu tədbirlər Çin şirkətlərinə və onların tərəfdaşlarına böyükk məbləğdə xərcə sala bilər.
V. Quliyev