İran tərəfindən danışıqları aparan şəxslər ABŞ-a şifahi şəkildə İslam Respublikasının nüvə proqramı ilə bağlı bir sıra şərtlərə razılaşacaqlarına dair zəmanət versələr də, ABŞ Prezidenti Donald Tramp bunu qeyri-kafi hesab edib.
Reyting.az-ın məlumatına görə, “ABC News” mənbələrə istinadən xəbər verir ki, Donald Tramp Vaşinqton və Tehran arasında ilkin razılaşmanın bir hissəsi kimi İrandan nüvə proqramı ilə bağlı yazılı öhdəliklər tələb edir.
Bildirilir ki, İran nümayəndələri ABŞ-a İslam Respublikasının nüvə proqramı ilə bağlı müəyyən şərtlərə razılıq verəcəklərinə dair şifahi təminat versələr də, Tramp Tehrandan alınan bu zəmanətləri yetərli saymır.
Xatırladaq ki, ABŞ və İran arasında aparılan danışıqların mövzusu atəşkəsin rəsmi şəkildə uzadılması, Hörmüz boğazının mərhələli şəkildə açılmasının təmin edilməsi və İranın nüvə proqramı ilə bağlı gələcək danışıqlar üçün vaxt çərçivəsinin müəyyənləşdirilməsindən ibarət olan anlaşma memorandumudur.
Məlumata görə, ötən həftə İran və ABŞ nümayəndələri həm Tramp administrasiyasını, həm də İran rəhbərliyini qane edəcəyi gözlənilən razılaşma layihəsi üzərində ilkin razılığa gəliblər. Həmin layihədə İranın nüvə silahı əldə etməyə çalışmayacağına dair yazılı öhdəlik yer alsa da, nüvə proqramının bütövlüyü ilə bağlı konkret öhdəliklər nəzərdə tutulmayıb.
Bundan əvvəl “The New York Times” qəzeti mənbələrə istinadən yazıb ki, Tramp İranla münaqişənin nizamlanmasına dair saziş layihəsinin şərtlərini sərtləşdirib və baxılması üçün Tehrana yeni təkliflər göndərib.
Qeyd edək ki, İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkənin nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və Tehran heç vaxt nüvə silahına sahib olmağa çalışmayıb.
E. Kamal