Advert
Advert

Tramp Rusiyanın döyüş meydanındakı qələbəsinə inamını itirib

Tarix:
Tramp Rusiyanın döyüş meydanındakı qələbəsinə inamını itirib
Reklam

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı mövqeyini yenidən nəzərdən keçirib.

Reyting.az xəbər verir ki, mənbələrin “Bloomberg”ə verdiyi məlumata görə, onun yaxın çevrəsində və G7 liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə fikir birliyi formalaşıb.

Bu, Trampın daha əvvəl Ukraynanın “kozırları” olmadığını və Kiyevin ərazi güzəştlərinə getməli olduğunu düşündüyü mövqedən nəzərəçarpacaq dərəcədə fərqlənir. Hazırda isə anonimlik şərti ilə danışan G7 rəsmisinin sözlərinə görə, ABŞ və onun Avropadakı müttəfiqləri Ukraynanın mövqeyinin gücləndiyi qənaətindədirlər.

Mənbənin bildirdiyinə görə, bu dəyişiklik Fransanın Evian şəhərində keçirilən G7 sammiti zamanı Fransa Prezidenti Emmanuel Makronun Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında qısa görüş təşkil etməsi zamanı daha aydın hiss olunub. Görüşdə Zelenski Trampa Rusiyanın hücumları nəticəsində zədələnmiş Kiyevdəki Assuriya Katedralının fotolarını göstərib. Bildirilir ki, bu görüntülər Trampa ciddi təsir bağışlayıb.

Tramp Qətər əmiri ilə görüşü zamanı “Rusiya razılığa gəlməlidir. Bütün bunlar sadəcə gülüncdür. Bəli, mən əlimdən gələni edəcəyəm”, - deyib. Onun açıqlamasında Zelenskinin təslim olması ilə bağlı əvvəlki tələblərə yer verilməyib.

Bundan əlavə, “Bloomberg”in qeyd etdiyi kimi, BƏƏ lideri ilə söhbətində Tramp Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə açıq olduğunu bildirib:

“Biz bunu edə bilərik, çünki indi neft axını davam edir”.

Böyük Britaniyanın Baş naziri Keir Starmer isə “Times Radio”ya müsahibəsində ritorikadakı bu dəyişikliyi Rusiya iqtisadiyyatındakı çətinliklərlə əlaqələndirib.

“Rusiya iqtisadiyyatı ciddi problemlərlə üzləşib və bu, Moskvada fərqli bir atmosfer formalaşdırıb”, - deyə Starmer bildirib.

Kanadanın Baş naziri Mark Karni də Zelenski ilə görüşündə müharibənin gedişatında dəyişikliklərin baş verdiyini vurğulayıb:

“Bu müharibədə vəziyyət dəyişir və bu da müzakirələrimizin bir hissəsidir. Bu gün biz G7 daxilində birlik görürük”.

Məlumata görə, Makron Zelenskini sammit başa çatanadək Evian şəhərində qalmağa dəvət edib ki, o, əlavə görüşlər keçirə və Trampla dialoqunu davam etdirə bilsin.

V. Quliyev
 

Reklam