Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində bir araya gələrək Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.
Qeyd olunur ki, Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 7–8-də Ankarada keçiriləcək və tədbirdə NATO-ya üzv 32 dövlətin liderləri, eləcə də xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər.
Məlumata əsasən, sammitə Asiya-Sakit Okean regionunun tərəfdaş ölkələri olan Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya nümayəndələrinin də qatılması gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duranın açıqlamasına görə, sammitin əsas gündəliyində Avroatlantik regiondakı təhlükəsizlik təhdidləri, Ukrayna böhranı və NATO-nun cənub cinahındakı məsələlər dayanır.
Y. Qacar