ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulmasını sürətləndirmək imkanına malikdir. İrandakı kampaniyasının məntiqinə əsaslanaraq, o, Baltik regionunda hava və dəniz təzyiqi mexanizmlərindən istifadə edə bilər ki, bu da Rusiya lideri Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edər.
Reyting.az xəbər verir ki, “Forbes” nəşri Trampın belə bir ssenarini necə həyata keçirə biləcəyindən, onun üstünlüklərindən və mümkün risklərindən yazıb.
Nəşrin yazdığına görə, ABŞ Baltik dənizində sanksiyaların icrası kampaniyasında NATO və Avropa Birliyi tərəfdaşlarına rəhbərlik edə, Rusiyanın hərbi maşınını dəstəkləyən gəmiləri, yükləri, liman xidmətlərini, sığorta müqavilələrini və maliyyə şəbəkələrini hədəfə ala bilər. Bu isə Vaşinqton üçün qanuni əsaslara söykənən, koalisiya dəstəyi ilə həyata keçirilən və danışıqlarla birbaşa əlaqəli təsirli təzyiq vasitəsinə çevrilə bilər.
Primorsk və Ust-Luqa kimi Rusiyanın Baltik limanları Moskvanın enerji ixracı sisteminin əsas qovşaqları hesab olunur. Baltik regionunda hava və dəniz təzyiqi kampaniyası Rusiyanın dəniz yolu ilə əldə etdiyi gəlirləri daha az etibarlı, daha bahalı və fasilələrə daha həssas edə bilər.
“Forbes” qeyd edir ki, məqsəd Rusiya limanlarını rəsmi blokadaya almaq olmamalıdır. Çünki bu, əlavə hüquqi və siyasi risklər yarada bilər. Nəşr yazır ki, Vaşinqton bu təşəbbüsü “karantin” kimi deyil, daha dəqiq şəkildə “Baltik Hava və Dəniz Təhlükəsizliyi və Sanksiyaların İcrası Təşəbbüsü” kimi təqdim etməlidir.
Belə bir kampaniya Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən gəmiləri, yükləri, xidmət təminatçılarını, sığortaçıları, gəmi sahiblərini, operatorları və maliyyə şəbəkələrini hədəfə almalıdır.
Nəşr vurğulayır ki, bu, sanksiyaların icrasını gücləndirmək, onların pozulması hallarını üzə çıxarmaq, xərcləri artırmaq və Moskvanı davam edən təcavüzün nəticələri ilə üzləşməyə məcbur etmək məqsədi daşıyan hədəfli addım olmalıdır.
Eyni zamanda, ABŞ və müttəfiqləri niyyətlərini açıq şəkildə bəyan etməlidirlər. Bu kampaniyanın məqsədi qanuni beynəlxalq ticarəti pozmaq və ya neytral ölkələrin gəmiçiliyinə mane olmaq deyil. Həmçinin bu, Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin əvəzedicisi kimi nəzərdə tutulmur. Məqsəd Rusiya təcavüzünü dəstəkləyən iqtisadi fəaliyyətləri daha bahalı, daha az proqnozlaşdırılan və daha həssas vəziyyətə gətirməkdir.
Məqalədə qeyd olunur ki, bu təşəbbüs Tramp üçün də siyasi üstünlüklər yarada bilər. O, danışıqlar üçün etibarlı mexanizm formalaşdırmaq, müttəfiqlər arasında yük bölgüsünü nümayiş etdirmək, birbaşa hərbi eskalasiyaya alternativ təqdim etmək və Moskvaya təzyiqi artırmaq imkanı qazana bilər.
Bu yanaşma Trampa ABŞ-ın çıxılmaz vəziyyəti qəbul etmədiyini, təkbaşına hərəkət etmədiyini və müharibəyə birbaşa qoşulmağa tələsmədiyini göstərməyə imkan verəcək. Bunun əvəzinə, Vaşinqton hava və dəniz gücündən, eləcə də müttəfiqlərinin təsir imkanlarından istifadə edərək Putini seçim qarşısında qoya bilər: ya ciddi danışıqlara başlamaq, ya da gəlirlərinə yönələn təzyiqlərin daha da artması ilə üzləşmək.
Y. Qacar