Advert
Advert

Türkiyə-Ermənistan sərhədinin açılması normallaşma prosesindən asılıdır

Tarix:
Türkiyə-Ermənistan sərhədinin açılması normallaşma prosesindən asılıdır
Reklam

Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı konkret tarix müəyyən edilməyib. Prosesin növbəti mərhələsi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqların nəticəsindən asılı olacaq.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin sözlərinə görə, Ankara və Yerevan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün may ayının ortalarında hazırlıq işlərini başa çatdırıblar.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mallarının üçüncü ölkələr vasitəsilə yenidən qeydiyyatdan keçirilmədən Ermənistana tədarükünə başlanacağını açıqlamışdı.

Mənbənin sözlərinə görə, sərhədin açılması ilə bağlı dəqiq tarix hələ müəyyənləşdirilməyib və prosesin dinamikası ikitərəfli dialoqun inkişafından asılı olacaq.

Ankara konstruktiv danışıqların davam etdirilməsində maraqlıdır və hesab edir ki, bu proses Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, eləcə də mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verə bilər.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və iki ölkə arasındakı sərhəd 1993-cü ildən bağlıdır. Tərəflərin xüsusi nümayəndələri arasında danışıqlar 2022-ci ildən davam etsə də, indiyədək əldə olunan razılaşmalar tam şəkildə həyata keçirilməyib.

N. Orucov
 

Reklam