İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.
Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
