Rusiya hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələrindən Moskvaya və Kerç boğazı üzərindəki körpüyə köçürüldüyü müəyyən edilib.
Reyting.az bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenkonun məruzəsindən sonra Prezident Vladimir Zelenski məlumat verib.
Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyinin mövcud vəziyyətə reaksiyası da qeydə alınıb.
“Belə tədbirlərdən biri hava hücumundan müdafiə sistemlərinin Rusiya bölgələrindən Moskvaya və Kerç körpüsünə yerləşdirilməsidir. Əslində, ruslara bu iki strateji ərazini qorumaq üçün həm öz ölkələrinin digər bölgələrinin, həm də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin müdafiəsini zəiflətmək əmri verilib. Biz bundan müvafiq nəticələr çıxaracağıq”, - deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, İvaşçenko ilə görüşdə Rusiyaya qarşı uzunmüddətli sanksiyalar planının icrası və sülhün yaxınlaşdırılması istiqamətində atılacaq addımlar da müzakirə olunub.
Zelenskinin sözlərinə görə, Ukraynanın son uğurlu əməliyyatları sırasında Sankt-Peterburq yaxınlığında yerləşən Baltik Donanmasının arsenalında 60 min tondan çox sursatın məhv edilməsi də yer alır.
“Bundan başqa, hərbi kəşfiyyatın apardığı təhlil Rusiya hərbi-sənaye kompleksinə aid bir sıra mühüm hədəflərin vurulduğunu təsdiqləyib. Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun ehtiyacları üçün elektronika və digər vacib komponentlər istehsal edən müəssisələrə dəqiq zərbələr endirib”, - deyə dövlət başçısı qeyd edib.
O bildirib ki, Rusiyanın raket istehsalı və strateji hərbi aviasiyasının vəziyyəti ilə bağlı ayrıca hesabat da hazırlanıb.
“Rusiyanın müharibəni uzatmasına və Ukrayna ərazisinə hücumlarını davam etdirməsinə cavab olaraq yeni və tamamilə ədalətli addımlar hazırlayırıq. Mümkün qədər çox rusiyalının anlaması vacibdir ki, müharibə məhz Rusiya rəhbərliyinin diplomatik yoldan imtina etməsi səbəbindən uzanır”, - deyə Zelenski vurğulayıb.
E. Kamal