Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bu ilin aprel ayında Çerniqov bölgəsinə hücumda Rusiyanın istifadə etdiyi dronun qalıqlarında yüksək səviyyədə radiasiya aşkar edib.
Reyting.az xəbər verir ki, bu barədə SBU-nun Telegram kanalında bildirilib.
Məlumata görə, əks-kəşfiyyat və müstəntiqlər 7 aprel gecəsi Çerniqov bölgəsinə hücum zamanı rusların modifikasiya edilmiş “Geran-2” hücum dronunu silahlandırdığı Rusiya raketinin qalıqlarında yüksək radiasiya səviyyəsi aşkar ediblər.
Söhbət Kamka kəndi yaxınlığında tapılan “R-60” hava-hava raketindən olan qəlpələrdən gedir. Rusiya qüvvələrinin kütləvi hücumlar zamanı düşmən dronlarını ələ keçirən Ukrayna təyyarələrini və helikopterlərini məhv etmək üçün bu cür raketlərdən istifadə etdiyi müəyyənləşib.
“Raketlə birlikdə düşmən dronunun qalıqlarının yaxınlığında radiasiya kəşfiyyatı zamanı təbii fon radiasiyasını əhəmiyyətli dərəcədə üstələyən və insan sağlamlığı üçün təhlükə yaradan 12 μSv/saat qamma radiasiya səviyyəsi qeydə alınıb”, - SBU vurğulayıb.
Xidmət, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ilə birlikdə raketin döyüş başlığını təhlükəsiz vəziyyətə gətirərək radioaktiv tullantıların saxlandığı yerə daşıyıblar.
Qeyd olunur ki, tədqiqatların nəticələrinə əsasən, Rusiya raketinin döyüş başlığında Uran-235 və Uran-238 kimi müəyyən edilmiş tükənmiş uran fraqmentlərinin olduğu müəyyənləşib.
V. Quliyev