Avropa və Afrikada ABŞ Quru Qoşunlarına rəhbərlik edən, həmçinin Ukraynaya hərbi dəstəyin koordinasiyasında mühüm rol oynayan general Kristofer Donahue hərbi xidmətdən vaxtından əvvəl ayrılacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Bildirilir ki, qərar ABŞ müdafiə naziri Pit Heqsetin rəhbərliyi altında aparılan genişmiqyaslı kadr dəyişikliklərinin bir hissəsidir.
Məlumata görə, general yaxın günlərdə təqaüdə çıxdığını elan edəcək və iyul ayında rəsmi olaraq hərbi xidmətini başa vuracaq.
Donahue çoxsaylı hərbi əməliyyatların veteranıdır. O, İraq, Suriya və digər münaqişə bölgələrində xidmət edib. General 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı ölkəni tərk edən sonuncu amerikalı hərbçi kimi də tarixə düşüb.
Son illərdə Donahue Rusiyaya qarşı müharibədə Ukraynaya göstərilən ABŞ hərbi yardımının koordinasiyasında əsas fiqurlardan biri olub. Onun vəzifədən ayrılmasının səbəbləri isə rəsmi şəkildə açıqlanmayıb.
Eyni zamanda, ABŞ müdafiə naziri Pit Heqset Bayden administrasiyasını Əfqanıstandan qoşunların çıxarılması prosesinə görə dəfələrlə tənqid edib və həmin hadisələrlə bağlı araşdırma başladıb.
Donahuenin istefası ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun vəzifədən getməsindən cəmi iki ay sonraya təsadüf edir. Nəşrin yazdığına görə, son kadr dəyişiklikləri ABŞ ordusunda ciddi narahatlıq yaradıb.
ABŞ Ordusunun keçmiş yüksək vəzifəli rəsmiləri “Financial Times”a bildiriblər ki, bir sıra yüksək rütbəli zabitlərin vəzifədən uzaqlaşdırılması Pentaqonda qeyri-müəyyənlik və narahatlıq mühitinin formalaşmasına səbəb olub.
E. Kamal