Tam yağlı süd tozu dünya ərzaq sənayesində və uşaqlar üçün qida istehsalında, eləcə də bütün dünya üzrə uzunmüddətli süd məhsulları tədarük zəncirinin əsas məhsullarından biridir.
Reyting.az xəbər verir ki, "ReportLinker" şirkətinin məlumatına görə, son illər bu sahə üzrə qlobal istehsal bir neçə ölkənin inhisarında cəmləşib. Bu sahə üzrə lider ölkələr Çin ilə Yeni Zelandiya olduğu bildirilir.
Araşdırmalara görə, ümumilikdə bu sahədə dünya bazarında Çinlə rəqabət aparan Yeni Zelandiya xüsusilə seçilir. 2026-cı ilin statistikasına əsasən, dünya üzrə yağlı süd tozu istehsalının təxminən 32 faizdən çoxu Yeni Zelandiyanın payına düşür. Bu ölkə sürətlə irəliləyiş əldə etməklə, reytinq pilləsində birinci yerə yüksəlib və nəticədə Çin təxminən 26 faiz payla ikinci, Braziliya isə 13 faizə yaxın göstərici ilə üçüncü sırada yer alıb.
Yeni göstəricilər sübut edib ki, bu üç lider ölkə dünya istehsalının üçdə ikisindən çoxunu formalaşdırır.
Ekspertlərin fikrincə, Yeni Zelandiyanın bu cür üstünlüyə malik olmasının əsas səbəbi ixracyönümlü südçülük sektoru, həmçinin inkişaf etmiş emal infrastrukturu və uzunmüddətli saxlanmağa imkan yaradan süd tozu istehsalına yönələn strategiyadır.
Çində bu sahədəki istehsal artımı daha çox daxili tələbat, uşaq qidası, emal olunmuş ərzaq məhsulları sektorunun inkişafı ilə əlaqələndirilir. Yeni infoqrafikaya görə, Çin son illərdə süd sənayesinə böyük həcmdə investisiyalar yatırmaqla, daha çox idxaldan asılılığı azaltmağa nail olub.
Braziliya dövləti isə son illər ölkə ərazisində buynuzlu heyvandarlıq sektorunu və emal müəssisələrinin genişləndirilməsini inkişaf etdirməklə, çoxlu sayda uğurlar əldə edib. Ekspertlər bildiriblər ki, son illər görülmüş işlərin nəticəsi kimi Braziliya yeni siyahıda qlobal istehsalda mühüm mövqeyə malik olan lider ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.
İnfoqrafikada əsas istehsalçıların sırasında Argentina, Meksika, Çili, ABŞ, İndoneziya, Rusiya və Belarus da yer alıb. Mütəxəssislər qeyd ediblər ki, bu ölkələrin əksəriyyətində yağlı süd tozu, uşaq qidası istehsalı daha çox daxili bazar və regional ticarətə yönəlib.

Oqtay Qorçu