Advert
Advert

Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib

Tarix:
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
Reklam

Vəkillər Kollegiyası (VK) Dövlət İmtahan Mərkəzi ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanında 315 nəfər uğur qazanıb.

Reyting.az xəbər verir ki, uğur qazanan namizədlərdən biri Naxçıvan Muxtar Respublikasının VK-sına sənəd verən şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 540 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Namizədlərin 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. İştirakçıların 6,7 faizi xarici, 93,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0,4 faizini təşkil edir.

Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Reklam