Advert
Advert

Vaşinqtonun siyasi elitası Rusiyanı cəzalandırmaqda israrlıdır

Tarix:
Vaşinqtonun siyasi elitası Rusiyanı cəzalandırmaqda israrlıdır
Reklam

Tramp administrasiyasının bütün təzyiqlərinə, Nümayəndələr Palatasının spikeri Mayk Consonun səylərinə baxmayaraq, Nümayəndələr Palatası “Ukraine Support Act” (“Ukraynaya Dəstək Aktı”) adlı qanun layihəsini 195 səsə qarşı 226 səslə qəbul edib. Bu nəticə Respublikaçılar Partiyasını təmsil edən 18 konqresmenin Tramp administrasiyasının və Nümayəndələr Palatası spikerinin çoxsaylı çağırış və təzyiqlərinə baxmayaraq, demokratların təşəbbüsünü dəstəkləməsi sayəsində mümkün olub.

Reyting.az xəbər verir ki, qanun layihəsinin səsverməyə çıxarılması ərəfəsində Ağ Ev Konqresdəki respublikaçılara təşəbbüsü dəstəkləməmələri ilə bağlı xəbərdarlıq məktubu göndərib. Səsvermə günü isə spiker Mayk Conson qapalı görüşdə partiya üzvlərini qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.

Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan nüfuzlu İrs Fondu (The Heritage Foundation) da qanun layihəsinə qarşı çıxaraq onu dəstəkləyən qanunvericiləri tənqid edib.

Səsvermənin nəticələrinə təsir göstərmək məqsədilə Konqresin ayrı-ayrı üzvləri ilə fərdi söhbətlər də aparılıb.

Konqresmenləri mövqelərindən daşındırmaq üçün istifadə olunan arqumentlər də diqqət çəkib. Qanun layihəsinin əleyhdarları bildiriblər ki, Ukraynaya dəstəyin tərəfdarı olsalar da, hazırkı şəraitdə belə bir sənədin qəbul edilməsi Prezident Donald Trampın Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq istiqamətindəki səylərinə zərər verə bilər. Digər arqument kimi isə qanun layihəsinin kifayət qədər güclü və təsirli olmadığı göstərilib.

Bütün bu təzyiqlərə baxmayaraq, 18 respublikaçı konqresmen mövqeyini dəyişməyərək qanun layihəsinin lehinə səs verib. Müşahidəçilərin fikrincə, Konqresə aralıq seçkilər yaxınlaşmasaydı, təşəbbüsü dəstəkləyənlərin sayı daha çox ola bilərdi.

Qeyd edək ki, aralıq seçkilərə beş aydan az vaxt qalıb və yenidən seçilmək istəyən respublikaçı konqresmenlər üçün Trampın dəstəyi mühüm əhəmiyyət daşıyır.

“Ukraine Support Act” Ukraynaya siyasi, iqtisadi, maliyyə və hərbi dəstəyin davam etdirilməsi ilə yanaşı, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini də nəzərdə tutur. Sənəddə ilk dəfə olaraq Rusiya ilə iqtisadi əlaqələrini davam etdirən ölkə və şirkətlərə qarşı sanksiyaların tətbiqi məsələsi də öz əksini tapıb.

Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsinin qüvvəyə minməsi üçün Senatın da dəstəyi və Prezident Donald Trampın imzası tələb olunur. Trampın veto hüququndan istifadə etməsi ehtimalı isə kifayət qədər yüksək qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, Nümayəndələr Palatasının Tramp administrasiyasının təzyiqlərinə və M. Consonun səylərinə rəğmən “Ukraine Support Act”ı qəbul etməsi Vaşinqtonun siyasi elitasının Rusiyanı cəzalandırmaq məsələsində israrlı olduğunu göstərir. Bu ilin noyabrında keçiriləcək aralıq seçkilərdən sonra isə bu mövqenin daha da güclənərək Vaşinqton siyasi elitasının ortaq iradəsinə çevriləcəyini proqnozlaşdırmaq mümkündür.

Xəqani Cəfərli
Politoloq
(Xüsusi olaraq Reyting.az üçün)

 

Reklam