Almaniya hökuməti ABŞ vitse-prezidenti Vensin Avropa Birliyinin Macarıstan seçkilərinə müdaxiləsi ilə bağlı açıqlamalarına kəskin reaksiya verərək onu ikili standartlarda və ikiüzlülükdə ittiham edib.
Reyting.az-ın məlumatına görə, Almaniya hökumət sözçüsünün müavini Sebastian Gille bildirib ki, Vensin səsvermədən bir neçə gün əvvəl Budapeştə səfəri seçki prosesinə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər.
“Biz bu ittihamları rədd edirik. ABŞ vitse-prezidentinin seçkilərdən bir az əvvəl Macarıstanda olması əslində, seçkiyə kimin müdaxilə etdiyini çox yaxşı göstərir”, - deyə Gille əlavə edib.
Almaniya hökuməti seçkinin nəticələri ilə bağlı heç bir üstünlüyün olmadığını və yalnız Macarıstan seçicilərinin qərarını tanıdığını vurğulayıb.
Xatırladaq ki, Vens Budapeştə səfəri zamanı baş nazir Viktor Orbanla birlikdə çıxış edərək Brüsseli kəskin tənqid ediblər.
O, seçki kampaniyası zamanı Avropa İttifaqının hərəkətlərinin “xarici müdaxilənin ən pis nümunələrindən biri” olduğunu deyib və “Brüsseldəki bürokratları” macarlara təzyiq göstərməkdə ittiham edib.
V. Quliyev