Advert
Advert

Vens Orbanı dəstəkləmək üçün Budapeştə gəlir

Tarix:
Vens Orbanı dəstəkləmək üçün Budapeştə gəlir
Reklam

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Cey Di Vens Macarıstanın baş naziri Viktor Orbanı dəstəkləmək üçün Budapeştə səfər edir. Qeyd olunur ki, Orban son on ildən artıq müddətdə ən çətin seçkilərlə üz-üzədir.

Reyting.az xəbər verir ki, Ağ ev ötən həftə Vensin çərşənbə axşamı Macarıstana gələcəyini və iki gün ərzində ikitərəfli görüşlər keçirəcəyini açıqlayıb.

Fevral ayında ABŞ prezidenti Donald Tramp Macarıstanda 12 aprel parlament seçkiləri ərəfəsində sağçı lider Orbanı dəstəkləyib. ABŞ dövlət katibi Marko Rubio da həmin ay dəstək məqsədilə ölkəyə səfər edib.

ABŞ-ın Prinston Universitetinin sosiologiya professoru, uzun illərdir Orban hökumətini təhlil və tənqid edən Kim Leyn Şeppele bildirib ki, bu səfər Tramp ilə macar həmkarı arasındakı yaxın münasibətləri vurğulamaq məqsədi daşıyır.

“Orban Trampın dəstəyinə sahib olduğunu nümayiş etdirməyə çalışacaq. Vens məhz buna görə gəlir”, - deyən Şeppele vitse-prezidentin səfərinin seçkilərin nəticələrinə ciddi təsir göstərəcəyinə şübhə ilə yanaşır.

“Macarıstandakı sorğular göstərir ki, müxalifət 8–12 faiz irəlidədir, bəzi son sorğularda isə bu fərq 20 faizə çatır. Nisbətən aşağı profilli ABŞ vitse-prezidentinin səfəri bu mənzərəni dəyişməyəcək”.

Güclü müxalifət

Orbanın 16 illik hakimiyyəti məhkəmə və media kimi institutların müstəqilliyinin zəifləməsi, eləcə də seçki sisteminin onun və partiyasının xeyrinə dəyişdirildiyi iddiaları ilə yadda qalıb.

Buna baxmayaraq, əksər sorğular 62 yaşlı Orbanın 45 yaşlı müxalifət lideri Peter Macarı və onun Tisza Partiyasını geridə qoyduğunu göstərir.

Macar iki il əvvəl hakim Fidesz partiyası ilə əlaqələrini kəsmiş keçmiş yüksək vəzifəli məmurdur və sonradan Orbanın əsas rəqiblərindən birinə çevrilib.

Onun seçki kampaniyası korrupsiya, sosial xidmətlərin pisləşməsi, iqtisadi vəziyyət və Orbanın Avropa İttifaqı ilə tez-tez gərginləşən münasibətləri üzərində qurulub.

Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ildə demokratik geriləmə və məhkəmə müstəqilliyinin zəifləməsi səbəbilə Macarıstana ayrılan milyardlarla avroluq maliyyələşdirməni dayandırıb.

Macar Aİ ilə münasibətləri normallaşdıracağını və dayandırılmış vəsaitlərin bərpasına nail olacağını vəd edir.

Orban isə müxalifəti Ukrayna və Aİ-nin maraqları naminə ölkənin milli maraqlarını təhlükəyə atan qüvvə kimi təqdim edir. Bununla belə, Macarın sağ-mərkəzçi mövqeyi immiqrasiya kimi məsələlərdə böyük dəyişikliklərin olmayacağını göstərir.

“Macar sağ-mərkəzçidir, o, əsasən Orbanın siyasətinin çoxunu dəstəkləyir, korrupsiya istisna olmaqla. Aİ məsələsində isə bir qədər avroskeptikdir, amma maliyyə vəsaitlərinin geri qaytarılmasını istəyir”, – Şeppele bildirib.

ABŞ sağçıları üçün model

Orbanın hakimiyyət modeli və ifrat sağçı siyasəti Avropada tənqid olunsa da, ABŞ-da sağçı dairələr və Tramp administrasiyasının bəzi nümayəndələri, o cümlədən Vens üçün nümunə hesab olunur.

Macarıstan bir neçə dəfə Mühafizəkar Siyasi Fəaliyyət Konfransına (CPAC) ev sahibliyi edib. Bu tədbirdə ABŞ və digər ölkələrdən olan mühafizəkar siyasətçilər və fəallar iştirak edirlər.

CPAC-ın 2024-cü ildə Budapeştdə keçirilən toplantısında Tramp Orbanı “Qərb sivilizasiyasını qorumaq uğrunda ön cəbhədə mübarizə aparan lider” kimi tərifləyib.

Müsəlmanlara, immiqrantlara və liberal institutlara qarşı sərt mövqelər bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Vensin də Orban hökuməti ilə yaxın münasibətləri olduğu qeyd edilir.

2024-cü ilin iyulunda Trampın namizədliyi təsdiqlənəndə Orbanın siyasi direktoru Venslə çəkilmiş fotosunu paylaşaraq “Tramp-Vens administrasiyası doğru seçimdir” ifadəsini işlədib.

Şeppele hesab edir ki, Orbanın Tramp administrasiyası ilə yaxınlığı daxili siyasətdə müəyyən təsirə malik olsa da, bu, seçkilərin nəticəsini həlledici şəkildə dəyişməyə bilər.

Onun sözlərinə görə, Orbanın seçkilər öncəsi ABŞ-dan maliyyə dəstəyi ilə bağlı konkret vədlər əldə etməsi onun şanslarını artıra bilər.

“Əgər Vens belə bir açıqlama versə, bu, seçkilərdə əsl dönüş nöqtəsi ola bilər”, - deyə Şeppele vurğulayıb.

R. Rəcəbov
 

Reklam