Advert
Advert

Vüqar Bayramov: Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib

Tarix:
Vüqar Bayramov: Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib
Reklam

Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub. Bunun 4 milyard 698 milyon dolları qeyri-neft-qaz məhsullarının payına düşüb. 

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, xarici ticarət dövriyyəsində diqqəti çəkən məqam qeyri-neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Bu ilin 4 aylıq qeyri-neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur.

Qeyri-neft-qaz ixracatında kəskin artımın səbəbinə gəldikdə, iqtisadçı-alim əlavə edib ki, bu ilin ilk 4 ayına qeyri-neft-qaz ixracatındakı 4.4 dəfəlik artım işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızıl ixracatı ilə bağlıdır: “Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən növ qızıl ixracatı real ifadədə 18, cari qiymətlərlə isə 37 dəfə artıb. Həmin dövrdə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib. Faiz deyil, dəfə ilə ifadə olunan digər artım şəkər ilə bağlıdır. İxracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar valyuta gətirib. 2.6 dəfə artım qeydə alınan pambıq ipliyinin ixrac dəyəri 16.4 milyon dollar olub. Kartof ixracatı sözügedən dövrdə 2.1 dəfə artıb. Bu məhsul ölkəyə 4 milyon dollara yaxın valyuta gətirib”.

V. Bayramov bildirib ki, bütövlükdə, qızıldan sonra qeyri-neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib: 165.1 milyon dollar. Üçlüyü 92.7 milyon dollar ilə pambıq lifi tamamlayıb.

Deputat əlavə edib ki, qeyri-neft-qaz ixracatındakı artımlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün vacib faktorlardandır. Son artımlarla yanaşı, təbii ehtiyata əsaslanmayan qeyri-neft-qaz məhsullarının ixracatının təşviqi prioritet olaraq qalmaqdadır. 

Y. Qacar
 

Reklam