Advert
Advert

Vüqar Bayramov: Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır

Tarix:
Vüqar Bayramov: Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır
Reklam

“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycan ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycan ixracat etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərir. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 45 dolları İtaliyaya ünvanlanır”.

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və dünən Bakıda səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata bəyanatlarını şərh edəkən bildirib.

V. Bayramovun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib. İtaliya ilə ticarət dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya malikdir.

Deputat qeyd edib ki, Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır: “İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 faizi Azərbaycanın payına düşür. Ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453, Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir”.

V. Bayramov bildirib ki, son illər qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur: “Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir”.
 
İqtisadçı-alim əlavə edib ki, Azərbaycan ilə İtaliya arasında qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir: “Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. İtaliya Baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək”.

Y. Qacar
 

Reklam