Advert
Advert

WUF13 Azərbaycanın nüfuzunu artırır

Tarix:
WUF13 Azərbaycanın nüfuzunu artırır
Reklam

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Bakıda keçirilməsi bir sıra səbəblərə görə mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda genişmiqyaslı yenidənqurma və şəhərsalma işləri həyata keçirilir. Ümumi hesablamalara görə, gələcəkdə dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Azərbaycan isə bu prosesləri sanki qabaqlayan ölkələrdən biridir və ölkədə urbanizasiya prosesi sürətlə davam edir.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Bakıda bu gün işə başlayan WUF13 barədə danışarkən deyib.

Onun sözlərinə görə, Lixtenşteyn boyda ərazisini işğaldan azad edən Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, qəsəbələr və kəndlər salır. Sözsüz ki, bu prosesdə müasir yeniliklərdən istifadə olunur və onlar tətbiq edilir.

Professor əlavə edib ki, Azərbaycan bu mühüm tədbirə ev sahibliyi etməklə həm də böyük beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki təcrübəsini nümayiş etdirir, qlobal problemlərin həllində fəal iştirak etdiyini göstərir:

“Bundan başqa, belə mühüm tədbirlər vasitəsilə Azərbaycan dünyaya daha sıx inteqrasiya olunur. Digər vacib məqam isə ondan ibarətdir ki, bu kimi tədbirlər ölkəmizin turizm potensialını nümayiş etdirir, bu sahənin inkişafına təkan verir və Azərbaycanı dünyaya tanıdır”.

C. Nuriyev xatırladıb ki, son 30 ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyən qüvvələr ölkəmizi dünyada geridəqalmış və müasirlikdən uzaq xalq kimi təqdim etməyə çalışıb, bu istiqamətdə fəal təbliğat aparıblar. Azərbaycan dövləti isə belə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bu yalan kampaniyaları iflasa uğradır və xalqımızın müasir cəmiyyət olduğunu nümayiş etdirir.

Professor bildirib ki, Azərbaycan son 15 ildə dünyanın müasir problemlərinin həllində fəal iştirak edir. Müasir dünya quruculuğuna böyük töhfələr verən liderlərdən biri də Prezident İlham Əliyevdir.

C. Nuriyevin fikrincə, hazırda Bakıda keçirilən bu kimi tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkənin dünya siyasətində mövqeyini gücləndirir və dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır.

Nemət Orucov
Reyting.az
 

Reklam