Advert
Advert

Xalid Əhədov: 32 rayonda 52 aqropark yaradılıb

Tarix:
Xalid Əhədov: 32 rayonda 52 aqropark yaradılıb
Reklam

“Ölkəmizdə həyata keçirilən islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri edib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb”.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Xalid Əhədov bildirib ki, Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb: “Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas dövlət dəstəyi mexanizmi kimi qəbul olunub.

Tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir”.(APA)
 

Reklam