İtaliyanın Baş naziri Giorgia Meloni təxminən bir aya yaxındır ki, siqareti tərgidib.
Reyting.az xəbər verir ki, bu, Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Zirvəsi zamanı məlum olub.
Baş nazir Giorgia Meloninin sammit zamanı səsləndirdiyi bir fikir günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Meloni Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Yaponiyanın Baş naziri ilə qeyri-rəsmi söhbət zamanı “Bir az qəhvə içməliyəm”, - deyib.
Ursula fon der Lyayen “Bu səhər? Oyanmaq üçün?” - sualını verərkən, Almaniya kansleri Fridrix Merz zarafatla “Bəs siqaret?” - deyə əlavə edib.
Bunun ardınca Meloni “Xeyr, mən siqareti buraxdım”, - deyərək təxminən bir ay əvvəl siqareti tərgitdiyini bildirib. Bu açıqlama digər liderlər tərəfindən təəccüb və yumorla qarşılanıb.
Bu hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Meloniyə daha əvvəl verdiyi “siqareti tərgitmək” məsləhətini yenidən gündəmə gətirib.
Xatırladaq ki, Ərdoğan həmin görüşlərin birində Meloniyə “Yaxşı görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm”, - demişdi. Meloni isə gülərək “Bilirəm, bilirəm”,- cavabını vermişdi. Fransa Prezidenti Emmanuel Makron da söhbətə qoşularaq zarafatla “Bu, mümkünsüz görünür”,- ifadəsini işlətmişdi.
V. Quliyev