Advert
Advert

Xarici şirkətlər rusiyalıların şəxsi məlumatlarını ələ keçirir

Tarix:
Xarici şirkətlər rusiyalıların şəxsi məlumatlarını ələ keçirir
Reklam

Rusiyada “Roskomnadzor” bəzi xarici video-oyun şirkətlərinə qarşı qanun pozuntuları ilə bağlı kütləvi şəkildə inzibati cərimə işləri açmağa başlayıb.

Reyting.az “Verstka” nəşrinə istinadla xəbər verir ki, 2025-ci ilin dekabr ayından etibarən şəxsi məlumatların qorunması qaydalarının pozulması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb.

Nəşrin yazdığına görə, bu video-oyun şirkətləri ilə bağlı məhkəmələrə 8-dən çox iş daxil olub.

İrəli sürülən iddiaların əksəriyyəti məlumatların xarici ölkələrdə saxlanılması ilə bağlıdır.

Bu barədə artıq bəzi qərarlar da qəbul olunub. Video-oyun şirkətləri “Battlestate Games”, “Take-Two Interactive” və “Electronic Arts” hər biri ayrı-ayrılıqda 2 milyon rubl məbləğində cərimələnib. “Lesta Studio” şirkətinə isə ciddi xəbərdarlıq edilib. “NetEase” ilə bağlı qəbul olunan qərarın detalları mediaya açıqlanmayıb.

Məlumata görə, yaxın vaxtlarda daha bir neçə məşhur oyun şirkəti, o cümlədən “Epic Games”, “Digital Extremes” və “Embracer Group” ilə bağlı məhkəmə prosesləri gözlənilir.

Qeyd edək ki, əvvəllər bu cür hallar çox nadir müşahidə olunurdu. Ötən illərdə bu sahədə göstəricilər demək olar ki, minimal olub. Bununla belə, 2023-cü ildə Rusiya məhkəmələrində eyni motivlərlə bağlı iki inzibati qərar qəbul edilib. Həmin il dövlət qurumları tərəfindən aparılan araşdırmalar məhkəməyə göndərilib və nəticədə “Blizzard Entertainment” və “Proxima Beta” şirkətləri cərimələnib. Bu şirkətlər rusiyalı vətəndaşların şəxsi məlumatlarını xaricdə saxladıqlarına görə məsuliyyətə cəlb olunublar.

Deputat Yana Lantratova yaxın vaxtlarda bu tip video-oyunlar üçün lisenziyalaşdırma sisteminin tətbiqini təklif edib.

Bəzi rusiyalı ekspertlərin fikrincə, video-oyunlar vasitəsilə əldə edilən şəxsi məlumatlar xüsusi xidmət orqanları tərəfindən müxtəlif məqsədlərlə istifadə oluna bilər.

Oqtay Qorçu
 

Reklam