Dünyanın ən böyük valyuta ehtiyatlarına malik ölkələrin yeni reytinqi açıqlanıb. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin ortalarından 2026-cı ilin ikinci rübünədək topladığı məlumatlara əsasən, qızıl ehtiyatları nəzərə alınmadan hazırlanan siyahıda Asiya ölkələri üstünlük təşkil edir.
Reyting.az xəbər verir ki, reytinqin ilk onluğunda yer alan ölkələrin yeddisi Asiyada yerləşir.
Mütəxəssislərin hesablamalarına görə, bu yeddi ölkə dünya valyuta ehtiyatlarının təxminən üçdə ikisinə nəzarət edir.
Ekspertlər bildirirlər ki, iri valyuta ehtiyatları ölkələrə milli valyutanın məzənnəsini sabit saxlamağa, strateji idxalı maliyyələşdirməyə, xarici borc öhdəliklərini yerinə yetirməyə və iqtisadi böhranlar zamanı investorların etimadını qorumağa imkan verir.
BVF-nin hesabatında qeyd olunur ki, böyük valyuta ehtiyatlarının saxlanılması müəyyən xərclərlə də müşayiət olunur. Bu vəsaitlər adətən aşağı gəlir gətirsə də, yüksək etibarlılığı ilə seçilən dövlət istiqrazlarına yatırılır. Nəticədə, həmin vəsaitlər daxili iqtisadiyyata yönəldilməsə də, risklərin minimuma endirilməsi baxımından bu yanaşma ən etibarlı variantlardan biri hesab olunur.

Oqtay Qorçu