Advert
Advert

Yeni kvota Ukrayna sənayesini çətin vəziyyətə salır

Tarix:
Yeni kvota Ukrayna sənayesini çətin vəziyyətə salır
Reklam

Avropa Birliyinin (AB) polad idxalını azaltmaq məqsədilə tətbiq etdiyi yeni ticarət məhdudiyyətləri müharibədən zərər çəkmiş Ukraynanın metallurgiya sənayesinə ciddi zərbə vura bilər. Ukraynaya ayrıca tarif kvotasının tətbiqi isə ötən il ölkəyə Rusiyanın təcavüzünə qarşı mübarizəni dəstəkləmək məqsədilə verilmiş güzəştlərlə ziddiyyət təşkil edir.

Reyting.az xəbər verir ki, bunu Ukraynanın sənaye şirkəti olan “Interpipe”nin baş direktoru Luca Zanotti bildirib.

Baş direktor Brüsselin qərarlarındakı ziddiyyətə diqqət çəkib:

“Bir ildən də az əvvəl Avropa Birliyi Ukraynaya 2028-ci ilin iyun ayınadək polad kvotalarından üçillik azadolma vermişdi. İndi isə Ukrayna poladı yeni məhdudiyyətlərlə üzləşir”.

Onun sözlərinə görə, bir tərəfdən Ukraynaya dəstək göstərildiyini bəyan edib, digər tərəfdən isə ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olan sənaye sektoruna zərbə vurmaq məntiqə uyğun deyil.

“Ukraynanı dəstəkləməkdən danışıb, eyni zamanda onun iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri olan sənaye sektoruna zərər vermək olmaz”, – deyə Zanotti vurğulayıb.

O əlavə edib ki, AB-nin tətbiq etdiyi yeni kvotalar Ukrayna iqtisadiyyatında uzunmüddətli və bərpası çətin olan tənəzzülə səbəb ola bilər.

Zanotti xatırladıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynanın polad istehsalı gücü 80 faiz azalıb.

“Biz ciddi işçi qüvvəsi çatışmazlığı ilə üzləşirik. Elektrik enerjisi təminatında problemlər var. Bundan əlavə, Avropada ən yüksək elektrik enerjisi qiymətlərindən biri məhz Ukraynadadır”, – deyə o bildirib.

Xatırladaq ki, AB iyulun 1-dən etibarən polad idxalına tətbiq olunan rüsumu iki dəfə artıraraq 50 faizə çatdırmağı planlaşdırır. Eyni zamanda, müəyyən həcmdə poladın rüsumsuz idxalına imkan verən kvotaların da təxminən iki dəfə azaldılması nəzərdə tutulur.

V. Quliyev
 

Reklam