Advert
Advert

Yer kürəsinin dərinliklərdə gizlənmiş daha bir sirri üzə çıxıb

Tarix:
Yer kürəsinin dərinliklərdə gizlənmiş daha bir sirri üzə çıxıb
Reklam

Yer kürəsi mürəkkəb quruluşa malik olub, müxtəlif qatlardan ibarətdir. Həyatın mövcud olduğu yeganə qat isə onun ən üst hissəsi olan yer qabığıdır.

Reyting.az xəbər verir ki, alimlərin son araşdırmaları Yer kürəsinin daxili quruluşu ilə bağlı yeni məlumatlar ortaya qoyub.

Tədqiqatçılar bildirirlər ki, bir çoxlarının düşündüyünün əksinə olaraq, yer qabığının qalınlığı sabit deyil. Bu qat müxtəlif ərazilərdə 5-70 kilometr arasında dəyişir və əsasən qranit, bazalt və digər süxurlardan ibarətdir.

Alimlərin fikrincə, Yer qabığının altında təxminən 2900 kilometr dərinliyə qədər uzanan nəhəng mantiya yerləşir. Məhz burada baş verən konveksiya prosesləri tektonik plitələrin hərəkətinə, zəlzələlərin yaranmasına və vulkan püskürmələrinə səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, mantiyanın altında qalınlığı təxminən 2200 kilometr olan maye xarici nüvə yerləşir. Əridilmiş dəmir və nikeldən ibarət olan bu qat Yerin maqnit sahəsinin formalaşmasında mühüm rol oynayır və planeti Günəşdən gələn zərərli radiasiyadan qoruyur.

Alimlərin sözlərinə görə, Yer kürəsinin mərkəzində yerləşən və əsasən dəmir və nikeldən ibarət olan bərk daxili nüvənin temperaturu 5000-6000 dərəcə selsiyə çatsa da, burada hökm sürən nəhəng təzyiq maddənin bərk vəziyyətdə qalmasına imkan verir.

Müasir elmi nəzəriyyələrə əsasən, mantiyanın dərinliklərində təxminən 4,5 milyard il əvvəl Yer kürəsi ilə toqquşmuş Teyya adlı qədim protoplanetin qalıqları mövcud ola bilər. Alimlər hesab edirlər ki, həmin nəhəng toqquşma Ayın yaranmasına da səbəb olub. Mütəxəssislərin fikrincə, bu nəzəriyyə Yer planetinin formalaşma tarixini izah edən ən inandırıcı versiyalardan biridir. Məhz həmin hadisədən sonra Yer öz inkişafında yeni mərhələyə qədəm qoyub.

Mütəxəssislər vurğulayırlar ki, müasir elm Yer planetinin daxili quruluşunun yenidən və daha dərindən öyrənilməsinə xüsusi diqqət yetirir. Tədqiqatçıların fikrincə, bu araşdırmalar Yerin yaranma tarixinin daha dəqiq müəyyənləşdirilməsinə, həmçinin geoloji proseslərlə bağlı indiyədək məlum olmayan mühüm elmi məlumatların əldə edilməsinə imkan yarada bilər.

Oqtay Qorçu
 

Reklam