“Ermənistan parlmentinin sədri Alen Simonyan Belarusun uğurlarına paxıllıq edir, öz ölkəsi isə onun rəhbərliyi altında müsbət nəticə əldə edə bilmir. O, sadəcə paxıllıqdan danışıb. Sözlərimi yoxlamaq istəyirsiniz? Bunun üçün Belarusa gəlin”.
Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Mən ailəmlə dəfələrlə Belarusa - təkcə Minskə deyil, həm də digər şəhərlərə səfər etmişəm. Nə deyirəm? Alen Simonyan Belarusun iqtisadi, sənaye, istehsal və kənd təsərrüfatı sahəsində qazandığı uğurlardan çox-çox uzaqdadır. Sadəcə, hər kəsi - bloqçuları, Ermənistan mediasını - Belarusa səfər etməyə, sonra materialları geri gətirməyə və Alen Simonyana belarusların, Belarus xalqının və Belarus rəhbərliyinin nailiyyətlərini göstərməyə çağırıram”, - deyə M. Zaxarova məsləhət görüb.
O, həmçinin qeyd edib ki, bu tövsiyə Avropa trendlərinə uyğundur: “Məsələn, Polşadan olan Avropa Birliyi vətəndaşları mütəmadi olaraq Belarusa gəlirlər. Bilirsiniz nə üçün? Ərzaq üçün. Onlar orada həm istehsal baxımından, həm də Belarusda mövcud olan dəqiq standartlar və QOST-lar baxımından həqiqətən yüksək keyfiyyətli Belarus məhsulları alırlar”.
M. Zaxarova əlavə edib ki, A. Simonyanın dedikləri yalnız bir şəkildə şərh edilə bilər: heç bir səhv etməmiş bir xalqın və bir ölkənin uğurlarına qarşı qeyri-insani paxıllıq.
Qeyd edək ki, A. Simonyan Belarusu Rusiyanın əyaləti adlandırıb və bu, qarşı tərəfdə narazılığa səbəb olub.
E. Kamal