Advert
Advert

Zülfüqarov: Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş sayır və onunla hesablaşır

Tarix:
Zülfüqarov: Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş sayır və onunla hesablaşır
Reklam

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni əməkdaşlıq imkanları yaradıb. Səfərin əsas gündəm mövzuları enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Bu təmaslar Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirə, Avropa İttifaqının (Aİ) isə enerji mənbələrinin şaxələndirilməsi siyasətinə əlavə töhfə verə bilər.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Avropa Komissiyası Prezidentinin Bakıya səfərini şərh edərkən “Reytinq” qəzetinə bildirib ki, bu səfəri məzmunlu, səmərəli və faydalı hesab edir.

Qonağın Azərbaycan barədə səsləndirdiyi müsbət fikirlərə münasibət bildirən T. Zülfüqarov qeyd edib ki, beynəlxalq siyasətdə təriflər adətən siyasi maraqlarla bağlı olur və hazırkı şəraitdə Avropa buna ehtiyac duyur.

Keçmiş nazirin sözlərinə görə, Avropa İttifaqı rəhbərinin bəyanatları göstərir ki, Azərbaycanın sülh siyasəti, bərpa olunmuş ərazi bütövlüyü və ABŞ-da əldə olunmuş razılaşmaların icrası Avropada dəstəklənir.

"Hesab edirəm ki, səfərin ən mühüm siyasi nəticələrindən biri məhz budur", - deyə o vurğulayıb.

T. Zülfüqarovun fikrincə, hazırda Avropa İttifaqının Azərbaycandan əsas gözləntiləri iki istiqamətdədir. Birinci istiqamət enerji təhlükəsizliyidir. O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ Avropa üçün strateji əhəmiyyət kəsb edir və Aİ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

Keçmiş nazir xatırladıb ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın artıq 10-dan çox Avropa ölkəsini təbii qazla təmin etdiyini bildirib.

"Hesab edirəm ki, bu rəqəm gələcəkdə daha da arta bilər. Bundan əlavə, Azərbaycanın Xəzərin digər sahilində yerləşən dost enerji istehsalçısı ölkələri də bu prosesə cəlb etmək imkanları var", - deyə o bildirib.

T. Zülfüqarovun sözlərinə görə, Prezident İlham Əliyevin Yaşıl Enerji layihələri ilə bağlı açıqlamaları da diqqət çəkir. O hesab edir ki, bu layihələr artıq bir sıra ölkələrin marağına səbəb olub və onlara investisiyalar yatırılır.

"Düşünürəm ki, gələcəkdə Avropa İttifaqı da bu layihələrə sərmayə qoyulmasını nəzərdən keçirə bilər. Çünki sonradan həmin layihələr çərçivəsində istehsal ediləcək enerjinin Avropaya ixracı mümkündür. Prezidentin səsləndirdiyi rəqəmlər bu baxımdan kifayət qədər ümidvericidir", - deyə keçmiş nazir qeyd edib.

Zülfüqarov əlavə edib ki, Avropa hazırda kommunikasiya və tranzit marşrutlarının inkişafında da maraqlıdır. Onun sözlərinə görə, dünyada dəyişən geosiyasi vəziyyət alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb.

"Şimalda Rusiya-Ukrayna müharibəsi davam edir, qarşılıqlı sanksiyalar tranzit imkanlarını məhdudlaşdırır. Cənubda da vəziyyət tam sabit deyil. Belə şəraitdə Azərbaycan və Gürcüstan Cənubi Qafqaz nəqliyyat dəhlizinin inkişafı istiqamətində fəaliyyətlərini davam etdirirlər və artıq bunun konkret nəticələri görünür", - deyə o bildirib.

Keçmiş nazir Naxçıvan istiqamətində həyata keçirilən nəqliyyat layihələrinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu layihələri əsasən öz vəsaitimiz hesabına həyata keçiririk. Prezident də çıxışında bunu xüsusi qeyd etdi. İstisna deyil ki, gələcəkdə beynəlxalq maliyyə institutları və digər tərəfdaşlar da bu layihələrin maliyyələşdirilməsinə qoşulsunlar. Ümumilikdə hesab edirəm ki, Ursula fon der Lyayenin Bakıya səfəri uğurlu və faydalı olub", - deyə Tofiq Zülfüqarov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanın Avropa İttifaqı ilə regional nəqliyyat və logistika layihələri üzrə əməkdaşlığının genişlənməsi Cənubi Qafqazın iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə də töhfə verə bilər.

Nemət Orucov
Reyting.az
 

Reklam