Baş nazirin adı Baydenin qəbul siyahısından çıxarılıb
Tarix: 25-09-2024 11:12 | Bölmə: Xəbərlər
Baş nazirin adı Baydenin qəbul siyahısından çıxarılıb

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Amerikanın səsi” administrasiya və konqresdəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, prezident Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olsa da, Bayden administrasiyası dəvəti ləğv edib.

Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki digər mənbə “Amerikanın səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.

Qeyd olunur ki, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüşdən də imtina edib. Buna səbəb kimi Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, “xarici agentlər” qanununu qəbul etməsi, həmçinin yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibətidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər