Amerikanın döyüş təyyarəsi UNO-nu vurub - Foto
Tarix: 26-09-2024 10:59 | Bölmə: Xəbərlər
Amerikanın döyüş təyyarəsi UNO-nu vurub

2023-cü ilin fevral ayında Alyaska yaxınlığında əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-22” tipli döyüş təyyarəsi tərəfindən vurulan uçan naməlum obyektin (UNO) ilk fotosu ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, şəkildə Kanadanın şimal-qərbindəki Yukon bölgəsi üzərindən çəkilmiş, qeyri-müəyyən kənarları olan parlaq at nalı şəkilli obyekt göstərilir.

Xatırladaq ki, bu əməliyyat həmin ilin fevral ayında gündəmə gələn Çin casus şar böhranından sonra ABŞ və Kanada Silahlı Qüvvələrinin birgə missiyası çərçivəsində həyata keçirilib.

Hadisənin üstündən 19 ay keçməsinə baxmayaraq, foto Kanada Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətlə paylaşılmayıb. Bununla belə, görüntü məxfilikdən çıxarılan sənədlər vasitəsilə ictimaiyyətə təqdim olunub. Bu hadisə 2023-cü ilin fevralında Alyaska, Yukon və Huron gölü üzərində vurulan üç fərqli UNO-dan birinə aiddir.



Çinin casus şarından xeyli kiçik olan bu obyektlərdən birinin silindrik, yuxarı hissəsinin metal, alt hissəsinin isə ağ rəngdə olduğu bildirilir. Daxil olan məlumatlar arasında 20 metr uzunluğunda məftil və əşyadan asılmış bağlama da var.

Ekspertlər bildirirlər ki, bu cür hadisələr ABŞ və Kanadanın hava hücumundan müdafiə sistemlərində potensial zəiflikləri aşkar edir. Xüsusilə məxfilikdən çıxarılan görüntünün paylaşılması UNO-ların casusluq fəaliyyətləri ilə bağlı sualları daha çox gündəmə gətirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər