Prezident: “Dünya nüvə fəlakətinin astanasındadır”
Tarix: 26-09-2024 11:13 | Bölmə: Xəbərlər
Prezident: “Dünya nüvə fəlakətinin astanasındadır”

“Biz nə Amerikanın, nə də Rusiyanın köləsi deyilik”.

Reyting.az
xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 79-cu Baş Assambleyasında çıxışı zamanı deyib.

Vuçiç bildirib ki, dünyada vəziyyət bir il əvvəlkindən daha çətin və qaranlıq görünür.

ABŞ-nın keçmiş prezidenti Con Kennedinin “Müharibə bəşəriyyətə son qoymazdan əvvəl bəşəriyyət müharibəyə son qoymalıdır”,- sözlərini sitat gətirən Vuçiç deyib ki, Serbiya və onun vətəndaşları həm Yaxın Şərqdə, həm də Ukraynada gedən müharibələrdə həlak olan hər kəsin ağrısını paylaşır: “İnanmaq çətindir, amma dünya sanki nüvə fəlakətinin, nüvə Holokostunun astanasındadır. Uçurumun kənarına yaxınlaşırıq”.

Vuçiç əlavə edib ki, sülh yeganə yoldur və alternativi yoxdur: “Biz sülhə inamı bərpa etməliyik. Biz bunu bütün gələcək nəsillərə borcluyuq və dünyanın gələcəyi seçimimizdən və məsuliyyətimizdən asılıdır”.

Serbiya prezidentinin sözlərinə görə, bütün dünya Ukraynadan danışarkən, heç kim Serbiya haqqında danışmağa cəsarət etmir:

“Onlar danışanda deyirlər ki, Rusiyanın göstərişi ilə Serbiya Balkanlarda müharibəyə başlayacaq. 2 il yarımdan çoxdur ki, Rusiyaya görə Balkanlarda müharibəyə başlayacağımızı yalandan iddia edirlər. Biz nə ABŞ-ın, nə də Rusiyanın köləsi deyilik. Bizim öz siyasətimiz, maraqlarımız var. Yalanların mexanizmlərini başa düşmənizi tələb edirəm”.

Serbiyanın Avropa Birliyinin himayəsi altında Kosovo ilə dialoqa sadiq qalacağını və sülhü qorumaq üçün mübarizə aparacağını vurğulayan Vuçiç qeyd edib ki, heç vaxt imtina etməyəcəkləri tək bir şey var: Serbiyanın azadlığı və müstəqilliyi!

“Serbiyanın prezidenti kimi mən yalana deyil, doğru dəyərlərə əsaslanan dünyaya inanıram”,- deyə Vuçiç əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər