ABŞ və İran tarixi razılaşma əldə ediblər
Tarix: 27-09-2024 09:02 | Bölmə: Xəbərlər
ABŞ və İran tarixi razılaşma əldə ediblər

İranın 1936-cı ildə tədqiq etmək üçün ABŞ-a göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhəsi ölkəyə qaytarılıb. Faktı İran dövlət televiziyası da təsdiqləyib.

Reyting.az
xəbər verir ki, prezident Məsud Pezeşkianı ABŞ-a aparan təyyarə ilə Əhəmənilər dövrünə aid 1100 tarixi lövhə İrana gətirilib.

Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi deyib:

“Bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji və turizm qazıntıları zamanı aşkar edilib, 1936-cı ildə isə tədqiqat məqsədilə xaricə aparılıb”.

Bu əsərlərin bir hissəsinin keçən il və daha əvvəl də İrana qaytarıldığını bildirən Darabi qeyd edib ki, söhbət 3 min 506 əsərdən gedir.

İndi geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzuların olduğunu, mixi və elam əlifbası ilə yazıldığını bildirən Darabi əlavə edib:

“Bu lövhələr 72 saat Milli Muzeydə karantində qalacaq, sonra isə oxunacaq”.

Qeyd edək ki, şah dövründə İran və ABŞ-nın Çikaqo Universitetinin Şərq İnstitutu arasında Fars İmperiyasına aid 30 mindən çox gil lövhənin ABŞ-da 3 il müddətində tədqiq edilməsi barədə razılıq əldə olunub. Müqavilə çərçivəsində əsərlər 1936-cı ildə Şərq İnstitutuna göndərilib. Nəzərdə tutulmuşdu ki, institut ən çoxu üç il müddətində artefaktları yoxlayacaq və sonra onları İrana qaytaracaq.

Əsərlərin bir hissəsi 1948, 1950 və 2004-cü illərdə və nəhayət 2023-cü ildə İrana qaytarılıb. Keçən il geri qaytarılan lövhələr mayın 18-də Ümumdünya Muzeylər Günündə keçirilən mərasimdə İran Milli Muzeyində ziyarətçilərin istifadəsinə verilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər