Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb - Yenilənib
Tarix: 07-12-2025 11:42 | Bölmə: Xəbərlər

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

Reyting.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Gecə saatlarında idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Reyting.az-ın məlumatına görə, bunu DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər.

Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Biləsuvardakı qəza ilə bağlı məlumat yayıb.

Bildirilir ki, FHN-nin "112" qaynar telefon xəttinə Cənub-Muğan su kanalının Biləsuvar rayonu, Zəhmətabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Bölməyə aid digər xəbərlər