Prezident istefa ərizəsi yazıb
Tarix: 20-01-2026 09:18 | Bölmə: Xəbərlər

Prezident istefa ərizəsi yazıb

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev yanvarın 19-da xalqa televiziya ilə müraciət edərək yanvarın 20-də vəzifəsindən istefa verəcəyini açıqlayıb. Lakin istefa ərizəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənənədək o, prezident səlahiyyətlərinin icrasını davam etdirəcək. İstefa qüvvəyə mindikdən sonra Bolqarıstan prezidentinin səlahiyyətlərini vitse-prezident İliyana Yotova icra edəcək.

Reyting.az xəbər verir ki, Radev çıxışında Yotovanın ölkəyə layiqincə rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

Məlumata görə, istefa qərarı dekabr ayından davam edən kütləvi etirazlar fonunda verilib. Etirazların əsas səbəblərindən biri hökumət koalisiyasının mübahisəli qanunvericilik təşəbbüsləri, xüsusilə də büdcə qərarlarının sürətlə qəbul edilməsi olub. Ölkə ictimaiyyətində ciddi narahatlıq doğuran digər məsələ isə sosial şəbəkələrdə yayılan videoyazılarla bağlıdır. Həmin görüntülərdən birində hakim koalisiyaya daxil olan deputatların Rusiyaya məxsus “LUKoyl” neft şirkətinin yerli aktivlərinə dair qanunu cəmi 26 saniyə ərzində qəbul etdikləri əks olunub. Digər videoda isə mübahisəli büdcə layihəsi üzrə səsvermənin nahar fasiləsi zamanı keçirildiyi görünür.

Bolqarıstan müxalifəti Radevi dəfələrlə ruspərəst mövqeyinə görə tənqid edib.

Qeyd edək ki, bu bəyanatdan əvvəl - dekabrın 11-də Bolqarıstanın baş naziri Rosen Jelyazkov da istefa verib. Lakin Bolqarıstan mediasının yazdığına görə, Radevin istefası onun siyasi meydandan tam çəkilməsi anlamına gəlməyə bilər. Yerli mətbuat istisna etmir ki, Rumen Radev yeni siyasi partiya yarada və növbədənkənar parlament seçkilərində iştirak edə bilər.

Xatırladaq ki, R. Radev 2017-ci ildən etibarən iki müddət Bolqarıstanın prezidenti olub.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər